Gündəm · Axar.az

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq... xəbəri üçün şəkil

Nazirlər Kabinetinin Azərbaycan ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarı qardaş Türkiyədə günlərdir ki, müzakirə edilir. Artıq bu gün bir daha bəlli oldu ki, sosial şəbəkələrdə və mediada ölkəmizə qarşı bu ittihamların, yanlış yozumların və aşağılamaların arxasında hakim partiya – AKP-nin ideoloqları dayanır.

Axar.az xəbər verir ki, ittiham və iddialarda heç bir sərhəd gözlənilmir, həmçinin tamamilə uydurma “məlumatlar” istismar edilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın sosial şəbəkə hesabında Azərbaycanın bu qərarını qəbuledilməz adlandırması ilə AKP artıq bu kampaniyanın arxasında dayandığını açıq elan etmiş oldu.

AKP-nin bu iddia və ittihamlarında haqlı-haqsız olmasını bir kənara qoyaq... Məsələ AKP-nin Azərbaycanla münasibətlərini yanlış anlamasıdır.

Azərbaycan Türkiyənin daxili məsələlərinə necə yanaşır?

Azərbaycan müstəqillikdən bəri Türkiyə xalqının seçiminə hörmət edir, onun seçdiyi, hakimiyyətə gətirdiyi iqtidarla əsl qardaş kimi işləyir. Bircə dəfə də olsun Azərbaycan Türkiyə iqtidarının qəbul etdiyi qərarlara qarışmayıb, tənqid belə etməyib. Hər zaman “Ərdoğan nə edirsə, düz edir, Türkiyənin böyüklüyü üçün edir” prinsipi ilə davranmışıq.

Bütün dövlərdə Türkiyənin yanında olmuşuq. Türkiyəni iqtisadi-maliyyə böhranı bürüyəndə Azərbaycan dövləti-xalqı “Türkiyə çox pis iqtisadi siyasət yürüdür” deməyib, AKP-çilər valyuta bahalaşmasına qarşı “dollaryandırma aksiyası” keçirəndə bu yanlış yanaşmaya istehza etməyib, əksinə, bir milyard avronu Türkiyə Mərkəzi Bankına yatırıb – faizsiz, təmənnasız. İndiyədək Azərbaycan hökumətinin bunu borc, kredit, yoxsa qardaşlıq yardımı kimi verdiyini xalqımız müzakirəyə çıxarmayıb.

Azərbaycan Türkiyənin böyüməsinə, iqtisadi baxımdan güclənməsinə çalışıb! Azərbaycan Türkiyəyə yatırım qoyan xarici ölkələr içərisində öndə gəlir. AKP iqtidarının siyasəti səbəbindən xarici şirkətlərin Türkiyəyə yatırımlar etməkdən çəkindiyi bir vaxtda Azərbaycan qardaş ölkəyə yatırımlarını artırıb, azərbaycanlı sahibkarların Türkiyədə əmlaklar alması dövlət tərəfindən stimullaşdırılıb.

Azərbaycan xalqı qardaş ölkəyə təhsil alması üçün hər il minlərlə tələbə göndərir. Bu tələbələrin heç biri Suriyadan gələnlər kimi imtiyazlara malik deyillər, əksinə, onlara “petrol ölkəsindən gələn zənginlər” kimi davranılır, Azərbaycan isə bircə dəfə də buna etiraz etməyib!

Ərdoğan hakimiyyəti Fətullah Gülənlə qol-boyun olub, əl-ələ yürüyəndə Azərbaycanda gülənçilərə qapı açılıb, AKP-çilərin bir sözü ilə onlara şərait yaradılıb – məktəblərindən bizneslərinə qədər.

2013-cü ilin dekabrın 17-də İstanbul Prokurorluğu tərəfindən keçirilən korrupsiya əməliyyatı zamanı ayaqqabı qutularından 4.5 milyard dollar, dövrün daxili işlər naziri Müəmmər Gülərin oğlunun yataq otağından kassa, pulsayma maşını çıxanda Azərbaycan dövləti və xalqı Ərdoğan hakimiyyətini tənqid etmədi, ölkənin daxili işlərinə qarışmadı. Əksinə, Ərdoğan gülənçilərə qarşı əməliyyat başladanda Azərbaycan da qardaş ölkə hakimiyyətinin siyasətini izlədi, Türkiyənin FETÖ-çülərin dayaqlarını sarsıtmasına müstəsna yardımlar göstərdi.

Azərbaycan illərdir Türkiyə müxalifətini yaxın buraxmır – halbuki çox uzağa getməyək, elə Özgür Özəl CHP sədri seçilən günün səhərisi Azərbaycana səfər arzusunu dilə gətirdi, hətta xahişdə bulundu. Özəl İlham Əliyev tərəfindən qəbul olunmasını israr etmirdi, sadəcə, ölkədə normal qarşılanması, gəzməsi və görüşlər keçirməsinə şərait yaradılmasını rica edirdi.

Azərbaycan dövləti bu xahişləri hakim AKP-ni, Ərdoğanı küsdürməmək, iki dövlət arasında narazılıq salmamaq üçün hələ də cavabsız qoyub - baxmayaraq ki, Özgür Özəlin təmsil etdiyi cəbhə Türkiyə xalqının 3-5%-ni yox, tam 48 faizə qədərini əhatə edir.

Amma Azərbaycan qardaş ölkələr arasında daxili siyasətə qarışmamaq yolunu tutub, tutur və bu xətti davam etdirir!

Türkiyədə yanğın – Azərbaycan ordadır!

Türkiyədə zəlzələ - Azərbaycan özünü yetirir!

Türkiyəyə qaz yardımı – Azərbaycan edir!

Azərbaycan İlham Əliyevin simasında "Türkiyə burda yoxdursa, mən burdayam" deyən və Türkiyənin hər yerdə müdafiə edən qardaşdır!

Azərbaycan əsl qardaş, sadiq müttəfiqdir, öhdəliklərini yerinə yetirir və bunu öhdəlik də saymır – müqəddəs və milli borcu hesab edir.

Azərbaycan xalqı və dövləti Türkiyə xalqının seçimi ilə hərəkət edib: xalq kimi seçibsə, onunla da davam edib!

Əgər Türkiyə hakimiyyəti, Azərbaycan xalqının böyük hörmət və sayğı bəslədiyi Rəcəb Tayyib Ərdoğan və yaxud onun baş müşaviri Saralın Azərbaycan, Azərbaycanın daxili siyasəti ilə bağlı hansısa tərəddüdü və marağı vardısa, bunu çox rahatlıqla iki qardaş kimi bağlı qapı arxasında mehribanca müzakirə edə, bir-birinin daxili işlərinə qarışmadan, səbəbini anlamadıqları addımların “nədənini” öyrənə bilərdilər.

Azərbaycan hakimiyyətində birincidən sonuncuya qədər, hər kəslə hər an danışmaq, ən mübhəm, gizli kəşfiyyat məlumatlarını əldə etmək, qardaşın verdiyi qərarların mahiyyətini öyrənmək imkanı varkən, sosial şəbəkə üzərindən basqı/təzyiq oyununun, Azərbaycanla Türkiyə arasındakı dünyanın paxıllıq etdiyi münasibətlərə xələl gətirməyin anlamı nədir?

Azərbaycanı 86,6 min kv.km, əhalisini 10 milyon görüb, bu prizmadan yanaşmaq Azərbaycanı anlamamaq deməkdir! Azərbaycan hazırkı ərazisindən qat-qat böyükdür, Azərbaycan türklərinin bu coğrafiyada sayı isə 55 milyonu keçib. Heratdan Mosula qədər Azərbaycan türkünün məskunlaşma ərazisini təsəvvür etmədən Azərbaycanla ünsiyyət qurmaq çətin olur.

Bunu Makron anlamaya və ya Makronun o əlaqə imkanı olmaya bilər, ancaq qardaş Türkiyə hakimiyyətinin belə sorunu yoxdur!

Qardaşlıq – açıqlıq, səmimilik, düzlük sevir!

Qardaşlıq – hakimiyyətdə xəzəl kimi saralanların X-ə sarılması deyil!

Qardaşlıq – bir-birinə sarılmaq, bölüşmək, paylaşmaq, anlaşmaq və anlayışlı davranmaqdır!

Deyəsən, AKP-çilər Yeni Azərbaycan Partiyası ilə Yeni Partiyanı qarışdırırlar və “daxili siyasi mübarizə” apardıqlarını düşünürlər.

Böyük yanlışdır!

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑