Həftəsonları iş günləri ilə müqayisədə bir neçə saat gec oyanmaq piylənmə, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər.
KONKRET.az xəbər verir ki, bu barədə terapevt Gina Zarella “Yahoo”ya açıqlamasında bildirib. Həkimin sözlərinə görə, şənbə və bazar günləri yuxu rejiminin kəskin dəyişməsi orqanizmin bioloji saatına mənfi təsir göstərir. Bu hal sosial jetlaq adlanır və insanın gündəlik yuxu ritminin pozulması ilə əlaqələndirilir. Zarella mənfi təsirlərin qarşısını almaq üçün həftəsonları iş günləri ilə müqayisədə ən çoxu 1,5 saat gec oyanmağı tövsiyə edib.
Əgər gün ərzində yuxululuq hiss edilərsə, səhər oyanma vaxtını xeyli gecikdirməkdənsə, qısa müddət mürgüləmək daha məqsədəuyğundur. Mütəxəssis, həmçinin hər səhər 30 dəqiqə ərzində parlaq işıqdan yararlanmağı məsləhət görüb. Bu, yuxu-oyanıqlıq ritminin tənzimlənməsinə kömək edə bilər. Həkim qeyd edib ki, yuxu rejiminə 2-4 həftə ərzində davamlı əməl etdikdə insan özünü daha enerjili hiss edə bilər.
Üç-altı ay ərzində isə rejimin qorunması maddələr mübadiləsində yaxşılaşmalara kömək edə bilər. Xatırladaq ki, yuxu rejiminin pozulması ilə yanaşı, stress də gecə kabuslarının yaranmasına səbəb olan amillərdən biridir.


