Dünya · Yeni Sabah

Kubada dəhşətli böhran: Milyonlarla insan həyətində... - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kubada dəhşətli böhran: Milyonlarla insan həyətində...  - FOTO xəbəri üçün şəkil

Kubada elektrik kəsintiləri su böhranını daha da ağırlaşdırıb. Milyonlarla insan evində krandan su ala bilmir, bəziləri isə çıxış yolunu həyətində quyu qazmaqda görür.

“Yeni Sabah” xəbər verir ki, rəsmi məlumatlara əsasən, əhalisi 9,4 milyon nəfər olan Kubada təxminən 2,7 milyon insan, yəni ölkə əhalisinin 29 faizi evində mərkəzləşdirilmiş su təchizatından yararlana bilmir. Böhranın əsas səbəblərindən biri elektrik enerjisinin tez-tez kəsilməsidir. Ölkədə suyun evlərə çatdırılması üçün nasoslardan geniş istifadə olunur. Su təchizatının 80-85 faizinin elektriklə işləyən nasoslar vasitəsilə həyata keçirildiyi bildirilir.

ABŞ-nin enerji sahəsində tətbiq etdiyi məhdudiyyətlər səbəbindən yanacaq çatışmazlığının dərinləşməsi isə uzunmüddətli elektrik kəsintilərinə yol açır. Kubanın Milli Su İdarəsinin əməkdaşı Yunior Qonsales Fransanın AFP xəbər agentliyinə açıqlamasında vəziyyəti elektrik kəsintiləri ilə yanaşı, avadanlıqların sıradan çıxması, su borularındakı sızmalar və quraqlığın da ağırlaşdırdığını deyib. Onun sözlərinə görə, yanvar ayından etibarən vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib. Toyuqlu pizza

Paytaxt Havanadan 100 kilometr şərqdə yerləşən Matanzas vilayətində restoran işlədən Kevin Martines su çatışmazlığı səbəbindən dəfələrlə işini dayandırmalı olub. Həftədə üç dəfə su maşınlarından su almağın xərcindən qurtulmaq istəyən sahibkar restoranının həyətində quyu qazdırmağa qərar verib. Martines yaşadığı çətinliyi belə ifadə edib:

“Su olmadığı üçün restoranımızı dəfələrlə bağlamaq məcburiyyətində qaldıq. Quyu qazdırmaq qərarına da buna görə gəldik. Yeməyi kömürlə bişirəcəyimi və ya günəş paneli quraşdıracağımı heç düşünməzdim. Bir gün quyu qazdıracağım isə heç ağlıma gəlməzdi”.

Restoranın həyətində 10 metr dərinlikdə suya çatan quyu qazan Elizardo Kardoso son vaxtlar sifarişlərin kəskin artdığını deyir. Maddi imkanı olan insanlar öz torpaq sahələrində quyu qazdırır, su anbarları tikir və ya damlarına su çənləri yerləşdirirlər.

Bəzi sakinlər isə su borularında qalan az miqdarda suyu çəkmək üçün qanunsuz nasoslar quraşdırırlar.

“Su oğrusu” adlandırılan bu qurğular bir məhəllədə çoxaldıqda borulardakı suyun təzyiqini aşağı salır. Nəticədə digər sakinlərin su əldə etməsi daha da çətinləşir.

Quyu qazdırmağa və ya nasos almağa imkanı olmayan insanlar isə suyu uzaq məsafələrdən daşımağa məcbur qalırlar. Onlar küçələrdəki su mənbələrindən və açıq borulardan doldurduqları qabları əl arabaları, velosipedlər, avtomobillər və hətta at arabaları ilə evlərinə aparırlar.

Kubada su çatışmazlığı yüksək inflyasiya, ərzaq və dərman qıtlığı ilə eyni vaxta təsadüf edir. Bu vəziyyət ölkədə narazılığı daha da artırır. Son aylarda Havanının müxtəlif rayonlarında su çatışmazlığına qarşı çoxsaylı etirazlar qeydə alınıb. Bu aksiyalarda əsasən qadınlar fəallıq göstəriblər.

Əsmətxanım Rzazadə


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑