Bir vaxtlar Azərbaycanda yeni doğulan uşaqlara verilən adların siyahısında Əli, Hüseyn, Məhəmməd, Fatimə, Zəhra, Nuray kimi adları görmək adi hal idi. İllər keçdikcə isə valideynlərin seçimləri dəyişməyə başlayıb.
Ədliyyə Nazirliyinin adlarla bağlı statistikası son 15 ildə Azərbaycanda ad seçiminin necə dəyişdiyini göstərir. Bəzi adlar əvvəlki illərdə ən populyar seçimlər sırasında olduğu halda, son illərdə ilk sıralardan çəkilib. Əvəzində Uğur, Raul, Miran, Melisa, Nilay, Ayla və İnci kimi adlar daha çox seçilməyə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, 2010-cu ildə oğlan uşaqlarına ən çox Əli adı qoyulurdu. Sezar pizza
Qız adlarında isə 2010-cu ilin lideri Zəhra olub.
Bəs 2015-ci ildə nə dəyişdi?
Artıq 5 il sonra Yusif oğlan adlarında birinci yerə yüksəldi. Qızlarda isə Zəhra liderliyini qorudu.
Bu dövrdə əvvəlki illərin bəzi adları artıq əvvəlki mövqeyini itirməyə başlayıb. Məsələn, 2014-cü ildə oğlan adları arasında Elgün, Röyal, İlkin və Fuad, qız adlarında isə Arzu, Gülər, Lalə, Əsmər və Sevinc ən çox seçilən adlar sırasında olmayıb.
2020-ci ildə yeni adlar önə çıxdı
2020-ci ildə ən çox seçilən oğlan adları Yusif, Əli, Hüseyn, Ömər və Uğur olub. Siyahıda Məhəmməd, Murad, Ayxan, Tunar və İbrahim də yer alıb. Qızlarda isə Zəhra, Nuray, Zeynəb, Məryəm və Aylin ön sıralarda olub. Mələk, Dəniz, Ayan və Mədinə də geniş seçilən adlar arasında göstərilib.
Burada diqqət çəkən məqam Uğur adının sürətli yüksəlişidir. 2010-cu ilin əsas adları arasında ön planda olmayan Uğur sonrakı illərdə ən çox qoyulan oğlan adına çevrildi.
2025-ci ildə mənzərə tamam dəyişdi
2025-ci ilin tam statistikası isə valideynlərin zövqündəki dəyişimi daha aydın göstərdi. Ötən il Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Uğur adı verilib. Bu ad 1721 uşağa qoyulub. Sonrakı yerlərdə, Hüseyn, Əli, Yusif, Miran, Ömər, Ayxan, Tunar və Murad qərarlaşıb.
Qız adlarında isə 2025-ci ildə ilk dəfə fərqli mənzərə yarandı. Melisa adı 1200 uşağa verilməklə birinci oldu. Zeynəb, Məryəm, Nilay, Aylin, Zəhra, Ayla, İnci, Alisa və Fatimə isə digər ən çox qoyun qız adları arasında idi.
2010-cu ildə qız adlarında lider olan Zəhra 2025-ci ildə hələ də ən çox seçilən adlardan biri olsa da, artıq birinci deyil. Melisa, Nilay, Ayla, İnci və Alisa kimi adlar son illərdə siyahıda daha yüksək mövqelərə qalxıb.
Oğlan adlarında isə dəyişiklik daha nəzərəçarpandır. 2010-cu ildə lider olan Əli adı 2025-ci ildə cəmi 1151 uşağa verilib Uğur isə artıq uzun müddətdir siyahının başındadır.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ildə Uğur son beş ildə də oğlanlar arasında ən çox seçilən ad olub.
Hansı adlar geridə qalıb?
Son 15 ilin mənzərəsinə baxanda xüsusilə əvvəlki dövrdə geniş yayılmış bəzi adların yeni doğulan uşaqlar arasında əvvəlki çəkisini itirdiyi görünür.
2010-cu ildə Fidan, Xədicə, Nərmin, Nəzrin, Leyla və Aysu kimi adlar qızlar arasında yüksək sıralarda idi. 2025-ci ilin ilk onluğunda isə bu adların heç biri yoxdur.
Oğlanlarda da oxşar dəyişiklik müşahidə olunur. 2010-cu illərin əvvəlində Məhəmməd və Murad ən çox seçilən adlardan idi. 2025-ci ildə hər iki ad hələ də ilk onluqdadır, lakin artıq siyahının aşağı hissəsində qərarlaşıb. Əvəzində Uğur, Raul və Miran kimi adlar önə çıxıb.
Ədliyyə Nazirliyi də əvvəlki açıqlamalarında Azərbaycanda valideynlərin övladlarına bəzən xarici serial və cizgi film qəhrəmanlarının adlarını verdiyini qeyd edib. Nazirlik hər zaman valideynlərə ad seçərkən mənası və səslənməsi nəzərə alınan adlara üstünlük verməyi tövsiyə edir.
Rəqəmlər göstərir ki, Azərbaycanda ad seçimi əvvəlki kimi sabit qalmır. Əli, Yusif, Zəhra, Fatimə, Nuray kimi adlar uzun illər populyarlığını qorusa da, yeni nəsildə valideynlərin seçim dairəsinə deyillər.
Əsmətxanım Rzazadə



