Daha çox qazanmaq, rahat evdə yaşamaq və bahalı əşyalar almaq insanların həyatını asanlaşdıra bilər. Ancaq maddi rifah insanın özünü xoşbəxt hiss etməsi üçün hər zaman kifayət etmir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqlar həyatdan məmnunluğu yaxın münasibətlər, məqsəd hissi və insanın sevdiyi məşğuliyyətlərlə əlaqələndirirlər.
Harvard Universitetinin uzunmüddətli insan inkişafı araşdırmasının rəhbəri, psixiatr Robert Voldingerin sözlərinə görə, ailəsi və dostları ilə möhkəm münasibətləri olan insanlar, ümumilikdə, özlərini daha xoşbəxt hiss edir və daha sağlam olurlar.
Burada əsas məsələ tanışların sayı deyil. İnsanın yanında rahat olduğu, çəkinmədən danışa bildiyi və kömək istəyə biləcəyi bir neçə yaxın adamın olması daha vacibdir. Bahalı mənzil, avtomobil və ya yeni telefon emosional yaxınlığın yerini tam doldura bilmir.
Xoşbəxtliyə təsir edən başqa bir amil isə həyatın mənalı olduğunu hiss etməkdir. Sevimli iş, yaradıcılıq, yaxınlara qayğı göstərmək, başqalarına kömək etmək və ya yeni bir bacarıq öyrənmək insana bu hissi verə bilər. Bunun üçün mütləq böyük uğurlar qazanmaq lazım deyil. Vaxt ayrılan kiçik bir hobbi də gündəlik həyata məna qata bilər.
Yeni əşyalar almaq sevinc gətirsə də, insan zamanla onlara alışır. Dünən xüsusi görünən bir alış bir müddət sonra adi məişət əşyasına çevrilir. Yaxınlarla səyahət, gəzinti, konsert və ya birlikdə keçirilən axşam isə həm münasibətləri möhkəmləndirir, həm də uzun müddət xatırlanan xoş anlar yaradır.
Psixoloq vurğulayırlar ki, xoşbəxtlik daim şən olmaq demək deyil. Kədər, yorğunluq, məyusluq və narahatlıq da həyatın bir hissəsidir. Əsas məsələ bu hissləri heç vaxt yaşamamaq yox, bütövlükdə həyatını dəyərli hesab etməkdir.



