Yunanıstanda hökumətin sosial-iqtisadi siyasətinə, maaşların aşağı olmasına və artan yaşayış xərclərinə qarşı kütləvi etiraz aksiyaları və tətillər başlayıb. Ölkənin həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən aksiyalara minlərlə vətəndaş, o cümlədən tələbələr, dövlət və özəl sektor işçiləri qoşulub.
“Yeni Sabah” xəbər verir ki, paytaxt Afina başda olmaqla, Saloniki və ölkənin digər iri şəhərlərində etirazçılar mərkəzi küçələrə axışaraq hökumətdən həyat şəraitinin yaxşılaşdırılmasını, maaş və təqaüdlərin artırılmasını, həmçinin inflyasiya qarşısında qiymət artımının qarşısının alınmasını tələb edirlər.
Keçirilən ümumölkə tətili səbəbindən ölkədə ictimai həyat faktiki olaraq iflic vəziyyətinə düşüb. Qatar və bərə reysləri tamamilə dayandırılıb, avtobus və metro xətlərində ciddi fasilələr yaranıb. Eyni zamanda təyyarə dispetçerlərinin və aviasiya əməkdaşlarının aksiyaya qoşulması səbəbindən bir çox daxili və beynəlxalq uçuşlar təxirə salınıb. Təhsil və səhiyyə müəssisələri də kənarda qalmayıb; məktəblər, universitetlər, dövlət idarələri və xəstəxanalar yalnız təcili tibbi yardım istisna olmaqla məhdud rejimdə fəaliyyət göstərir. pizza mizza
Afinada Parlament binasının yerləşdiyi Sintaqma meydanında toplanan etirazçıların dinc yürüşü zamanı zaman-zaman təhlükəsizlik qüvvələri ilə kəskin gərginlik yaşanıb. Polis əməkdaşlarına daş və "Molotov kokteyli" atan radikal qruplara qarşı gözyaşardıcı qaz və təzyiqli sudan istifadə olunub. Etirazçılar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aksiyaların miqyasını daha da genişləndirəcəklərini və tətilləri davam etdirəcəklərini bəyan ediblər. Hökumət tərəfi isə dialoqa hazır olduğunu bildirsə də, iqtisadi imkanların məhdudluğunu vurğulayır.
Nazim Hacıyev




