“Zelenski yardım üçün Ərdoğana müraciət etsə də, prosesdə son qərar ABŞ və Rusiyanındır”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

T. Rzayev Zelenskinin Putinlə görüşə razı salınması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etməsi barədə Ukrayna mətbuatında yayılan xəbərləri şərh edib:
“Zelenskinin Ərdoğandan belə bir şey xahiş etməsi tamamilə normaldır. Ərdoğan yeri gələndə Putinlə də dil tapa bilir, Zelenskiyə ərk də edə bilir. Bu yanaşmada məntiq var. Ümumiləşdirsək deyə bilərəm ki, bu görüşün keçirilməsi indiki məqamda o qədər də real görünmür. Hazırda bu məsələ Tramp və Putin arasındakı danışıqların mövzusudur. Faktiki olaraq Putin qarşısında öz çəkisində və nüfuzunda birini görür ki, bu da ABŞ lideridir. Məlumata görə, Pekində də görüş keçirilməsi planlaşdırılır. Çin, Rusiya və ABŞ arasında belə bir görüş baş tutacaq. Məsələyə o qədər həssas yanaşılır ki, Avropanı belə ikinci plana salıblar. Avropadan kimin qatılmasından asılı olmayaraq, prosesi Rusiya və ABŞ həll edəcək. Buna görə Ukraynaya təzyiqlər də edilə bilər. Zelenski də, görünür, bu təzyiqlərdən yayınmaq üçün Ərdoğanı prosesə cəlb etməyə çalışır”.
Nurlan Cəfəri





