“Zelenski hətta cinayət məsuliyyətinə cəlb oluna bilər”
Bu sözləri Yenicag.az-a açıqlamasında REAL Partiyasının Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

N.Cəfərli Ukraynanın Rusiyanın işğal etdiyi ərazilərin qarşı tərəfdə qalması şərtilə razılaşmaq məcburiyyətində qalmasının səbəblərini izah edib:
“Rusiya–Ukrayna müharibəsində elə bir mərhələ çatıb ki, artıq Ukraynanı dəstəkləmək Avropa İttifaqı üçün ağır yükə çevrilir, Amerika isə pulsuz kömək etmək istəmir. Ona görə də Zelenski çox çətin duruma düşüb. Belə bir situasiyanın yaranma ehtimalı əslində həmişə var idi. Bu məqam İstanbulda təşkil olunan danışıqların nə qədər əhəmiyyətli olduğunu və Ukraynanın həmin danışıqlardan imtina etməsinin nə dərəcədə yanlış addım sayıldığını bir daha üzə çıxarır. Əgər İstanbul protokolları imzalansaydı, bu qədər insan itkisi və dağıntı olmazdı.
Ukrayna hazırda çox ağır vəziyyətdədir: elektrik stansiyaları sıradan çıxarılıb, işıq, qaz, su problemləri yaşanır, logistika yolları, körpülər və dəmir yolları dağıdılıb. Doğrudur, Rusiya da çox böyük zərərə məruz qalıb, lakin Rusiyanın strateji dərinliyi var Vladivostoka qədər uzanan geniş torpaqlara və 150 milyonluq əhaliyə sahibdir. Baxmayaraq ki, orada sert diktatura idarəetmə sistemi mövcuddur, məhz bu strateji dərinlik Rusiyaya bütün itkilərə rəğmən ayaqda qalmağa imkan verir.
Ukraynanın isə belə bir strateji dərinliyi və xarici köməklərdən başqa alternativ dəstəyi yoxdur. Ona görə də hər tərəfdən təzyiqlər artır. Müharibə artıq hər iki ölkəyə, eləcə də Avropaya ciddi zərər vurub. Nəticə etibarilə, Zelenskini güzəştə getməyə məcbur edirlər. Hər bir halda, bu güzəşt onun siyasi karyerası hesabına başa gələcək, ən pis ssenarida isə o, cinayət məsuliyyətinə cəlb oluna bilər.”
Nurlan Cəfəri




