Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanda Türkiyə bayrağının endirilməsinə cəhd göstərildiyinə dair yayılan iddialara aydınlıq gətirib.
Yenicag.az xəbər verir ki, mərkəz bəzi media orqanları və sosial şəbəkə hesablarında yayılan məlumatların dezinformasiya xarakteri daşıdığını bildirib.
Açıqlamada qeyd olunub ki, müzakirələrə səbəb olan görüntülər köhnədir və yenidən gündəmə gətirilərək yanlış təsəvvür yaradılır:
“Görüntülərin çəkildiyi dövrdə bayrağımıza qarşı mənfi hərəkətə cəhd edən təxribatçıya ilk və ən sərt reaksiyanı məhz azərbaycanlı qardaşlarımız verib. Türkiyə bayrağının endirilməsi kimi bir hal baş verməyib”.
Mərkəz vurğulayıb ki, köhnə görüntüləri kontekstdən çıxararaq yeni hadisə kimi yayanlar Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağlarını hədəfə alırlar.
Açıqlamanın sonunda ictimaiyyət bu cür informasiya manipulyasiyalarına qarşı həssas və diqqətli olmağa çağırılıb.



