13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir.
KONKRET.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda bir nəfər şahid dindirilib.
Pəri Qasımova mərhum Vüsalın öldürülməsini gözləri ilə görüb: “Qarajın qarşısında dayanmışdım. 15 metr aralıda iki nəfərin əlbəyaxa olduğunu gördüm. Bir neçə saniyə sonra biri digərini bıçaqla vurdu. Tez ora qaçdım. Çox səliqəli bir oğlan qan içində yerə uzanmışdı. Ölümcül halda imdad diləyirdi (kövrəlir…-red). Sanki gözləri ilə “məni ölməyə qoymayın” deyirdi. Amma heç kim ona kömək edə bilmədi. Hamı yığılmışdı, təcili yardım gələndə dedim ki, bu dəqiqə qan verməyə hazıram. Amma gec idi… İndi də oradan keçəndə həmin səhnə gözümün qabağına gəlir”.
Şahidin dediyinə görə, Vüsalı öldürən oğlan məhkumluq yaşamış birinə oxşayıb, çox səliqəsiz görünüb: “Vüsalı öldürəndən sonra çox soyuqqanlı idi. Bıçağı gödəkçəsinə sürtə-sürtə yanımdan keçdi. Özümü saxlaya bilmirdim, üstünə hücum çəkmək istədim. Amma qorxdum. Üzü-gözü qan idi. Nə bilim, çox dəhşətli gün idi”.
Qalan şahidlər gəlmədiyi üçün proses təxirə salınıb.
Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov 12 il əvvəl mühakimə ediliblər. Xəyal Əli-Zadənin sifarişi ilə adam öldürməkdə təqsirli bilinən Elman 15, Seymur 12 il azadlıqdan məhrum edilib.


