“Qırğızıstan, Qazaxıstan, Özbəkistan və ya Şimali Kiprdəki hicab məsələsini Azərbaycandakı kimi hədəf aldınız?”
Türkiyənin tanınmış araşdırmaçı jurnalisti Nedim Şener son günlər Türkiyə ilə Azərbaycan arasında sosial şəbəkələr üzərindən yaradılmağa çalışılan gərginliyin təsadüfi olmadığını, müəyyən dairələrin qardaş ölkələr arasında süni böhran formalaşdırmağa çalışdığını bildirib.
Yenicag.az xəbər verir ki, TVNET televiziyasının “Net Bakış” proqramında çıxış edən Nedim Şener xüsusilə FETÖ ilə əlaqəli şəxslərin Azərbaycana qarşı kampaniyada fəallığına diqqət çəkib.
Şener Azərbaycanın BMT Baş Assambleyasındakı nümayəndəsinin İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışını dinləməsinin Türkiyə-Azərbaycan münasibətlərində problem kimi təqdim olunmasını sərt tənqid edib:
“BMT toplantısına qatılan Azərbaycan nümayəndəsinin Netanyahunu dinləməsi Türkiyənin narahat olacağı məsələ deyil. Türkiyədən bir rəsmi şəxs də müşahidəçi kimi onu dinləyə bilər. Hətta dinləmək onunla razılaşmaq demək deyil.
İkincisi, İsraillə münasibətləri olduğuna görə Azərbaycanı Qəzzadakı soyqırıma görə məsuliyyət daşıyırmış kimi göstərmək, İsrailin dostu və ya tərəfdaşı kimi təqdim etmək olmaz.
Üçüncüsü, İsrailə gedən neft Türkiyə ərazisindən keçir. Əgər Türkiyə bunu problemə çevirmək istəyirsə, beynəlxalq məsələləri bir kənara qoyub həmin axının qarşısını alar. Amma bunu da etmir.
Birdən-birə ortada olmayan bir böhran gündəmə gətirildi”.
Araşdırmaçı jurnalist Türkiyədə bəzi şəxslərin Azərbaycandakı hicab məsələsini bəhanəyə çevirərək qardaş ölkəyə qarşı kampaniya apardıqlarını vurğulayıb.
Şener xüsusilə keçmişdə FETÖ və PKK-nı müdafiə edən şəxslərin indi Azərbaycan əleyhinə fəallıq göstərməsini diqqətə çatdırıb:
“Bir məsələ də var. Təkcə o tərəfdən deyil, bu tərəfdən də. Məsələn, FETÖ-nü dəstəkləyən bir millət vəkili var. Onun Azərbaycanla bağlı heç bir dərdi yoxdur. Türklərlə heç bir əlaqəsi yoxdur. Amma guya hicab qadağası ilə bağlı inanılmaz paylaşımlar edir.
Mən də bunu gördüm. Dedim, bu adam nəsə edir. Bir dayan, bu kimdir?
Mən bu adamı FETÖ-nü müdafiə edərkən görmüşəm. PKK-nı müdafiə edərkən görmüşəm. İndi isə videolar hazırlayır, Azərbaycan üzərindən türkləri hədəfə alır.
Metenin dediyi kimi, Qırğızıstanı, Qazaxıstanı, Özbəkistanı və ya Şimali Kiprdəkiləri də bu şəkildə hədəfə aldınızmı? Xeyr!
Amma görünür ki, burada bir layihə başladılıb”.
Nedim Şener çıxışının davamında FETÖ məsələsinə toxunaraq Azərbaycanın bu təşkilatla bağlı Türkiyə tərəfindən dəfələrlə xəbərdar edildiyini xatırladıb.
Onun açıqlamaları Türkiyə-Azərbaycan münasibətləri ətrafında yaradılan gərginliyin arxasında hansı qüvvələrin dayandığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Amir Aqiloğlu



