“Prezident İlham Əliyevin vurğuladığı kimi, xarici mərkəzlərin əsas məqsədi xalqımızın birliyini sarsıtmaq, ölkəmizi müstəqillik yolundan döndərmək və cəmiyyəti özünə tabe etdirməkdir.”
Bu sözləri Yenicag-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat Azərbaycanda dini azadlıqların qorunduğunu, buna birbaşa olaraq dövlət rəhbərliyinin ciddi nəzarət etdiyini diqqətə çatdırıb:
“Müasir dövrdə qlobal miqyasda geniş vüsət alan geosiyasi ziddiyyətlər, hərbi-siyasi qarşıdurmalar və hibrid təhdidlər fonunda milli dövlətlərin təhlükəsizlik arxitekturası yalnız fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik qədər həyati əhəmiyyət daşıyır. İnternet, süni intellekt və qlobal kiberəsr şəraitində sərhəd tanımayan ideoloji təxribatlar cəmiyyətlərin daxili birliyinə, xüsusilə də gələcək nəsillərin dünyagörüşünə hədəflənmiş ciddi risklər yaradır. Bu reallıq dövlətin bütün institutlarında, ilk növbədə isə təhsil sistemində güclü immunitetin formalaşdırılmasını və qanunun aliliyinin təmin olunmasını qaçılmaz zərurətə çevirir.
Müstəqil, suveren siyasət yürüdən və regionda yeni reallıqlar formalaşdıran Azərbaycan Respublikası qlobal güc mərkəzlərinin və xaricdən idarə olunan radikal dini-ideoloji şəbəkələrin hədəfindədir. Xarici mərkəzlər media və sosial media resursları vasitəsilə ziyanlı təbliğat apararaq, cəmiyyətdə xurafat və mövhumatı yaymağa, din amilini geosiyasi təsir vasitəsi kimi istifadə etməyə çalışırlar. Xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan azyaşlıların və uşaqların teokratik idarəetmə modellərinin təsiri altına salınması cəmiyyətimizin milli həmrəyliyinə yönəlmiş qəsdli cəhdlərdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, xarici mərkəzlərin əsas məqsədi xalqımızın birliyini sarsıtmaq, ölkəmizi müstəqillik yolundan döndərmək və cəmiyyəti özünə tabe etdirməkdir. Bu qəbildən olan ideoloji təxribatların qarşısının alınmasında təhsil və vətənpərvərlik amilləri əsas müdafiə səddidir. Xalqımızın savadlı, bilikli və milli dəyərlərə bağlı yetişməsi yad və zərərli təsirlərə qarşı ən güclü bənddir.”
B. Məhərrəmov Nazirlər Kabinetinin məktəbli geyimi ilə bağlı qərarını belə izah edib:
“Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 18-ci maddələrinə əsasən, ölkəmiz dünyəvi respublikadır, din dövlətdən ayrıdır və təhsil sistemi dünyəvi xarakter daşıyır. “Ümumi təhsil haqqında” Qanuna və “Uşaq hüquqları haqqında” Qanuna əsasən, uşaqların hər hansı dini doqmalara və ya ideologiyalara məcbur edilməsi yolverilməzdir, onların fiziki və psixi sağlamlığı qorunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənən məktəbli forması və təhsilverənlərin geyim tələbləri isə hər hansı yeni məhdudiyyət və ya qadağa deyil, əksinə mövcud qanunvericiliyin və dünyəvilik prinsipinin ardıcıl, sistemli şəkildə həyata keçirilməsidir. Nazirlər Kabinetinin qərarları ilə təhsilalanların geyim formasının vahidliyini pozan, dünyəvilik prinsipinə uyğun olmayan elementlərdən istifadə edilməsinə yol verilmir. Eyni zamanda pedaqoji işçilərin işgüzar, sadə və səliqəli üslubda geyinməsi məktəbdaxili nizam-intizamın, korporativ mədəniyyətin və peşəkar iş mühitinin qorunmasına xidmət edir. Beynəlxalq hüquqi təcrübə də bu yanaşmanı tam dəstəkləyir. Avropa İnsan Hüquqları Məhkəməsinin məşhur presedentlərində təhsil müəssisələrinin neytrallığının qorunması məqsədilə geyim və simvollarla bağlı tətbiq edilən məhdudiyyətlər qanuni və əsaslı hesab edilmişdir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan kimi ölkələrin təcrübəsində də ümumi təhsil müəssisələri üçün vahid geyim standartları uğurla tətbiq olunur. Məktəblərdə vahid geyim qaydalarının tətbiqi və təhsilin dünyəvi xarakterinin qorunması heç bir halda dini inanclara, vicdan azadlığına və ya milli-mənəvi dəyərlərə qarşı yönəlməmişdir.”
B. Məhərrəmov bildirib ki, Azərbaycan dünyəvilik prinsiplərinə sadiqdir və İslam dininə olan həssaslığı azad edilmiş torpaqlarımızda məscidlərə qoyulan yad münasibətlərin qarşısını almaqla bunu sübut edib:
“Əksinə Azərbaycan dövləti milli-mənəvi irsin qorunmasına və İslam dəyərlərinə hər zaman müstəsna həssaslıqla yanaşır. Son illərdə ölkə başçısının həyata keçirdiyi ardıcıl siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərdəki tarixi məscidlərimiz, o cümlədən Şuşadakı Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı, Ağdam və Zəngilan cümə məscidləri daxil olmaqla, onlarla ibadət ocağı əsaslı şəkildə bərpa edilmiş, yeniləri inşa olunmuşdur. Ölkə üzrə qeydiyyatdan keçmiş dini icmaların sayı 994-ə çatdırılmış, dini konfessiyalara ayrılan illik maliyyə dəstəyi dəfələrlə artırılaraq 6,3 milyon manata yüksəldilmişdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kolleci vasitəsilə peşəkar dini kadr hazırlığı təmin edilmiş, din xadimlərinə mütəmadi maddi və sosial dəstək göstərilmişdir. Bununla yanaşı, COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” Dini Liderlərin Qlobal Bakı Sammiti və Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü kimi mötəbər beynəlxalq tədbirlər həyata keçirilmişdir. Bu faktlar açıq şəkildə sübut edir ki, Azərbaycan dövləti din sahəsində bütün azadlıqları yüksək səviyyədə təmin edir. Lakin dünyəvi dövlətçilik prinsipləri ilə dini etiqad azadlığı arasında hüquqi tarazlığın qorunması, məktəb mühitinin hər hansı kənar ideoloji təsirlərdən və siyasiləşdirilmiş dini simvollardan müdafiə olunması strateji zərurətdir. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlərin geyimi ilə bağlı tətbiq edilən tələblər təhsilin keyfiyyətinin yüksəldilməsinə, sosial bərabərliyin qorunmasına, məktəb kimliyinin və sağlam intizam mühitinin formalaşdırılmasına xidmət edir. Uşaqların hələ formalaşmaqda olan dünyagörüşünün hər hansı kənar dini-ideoloji təsirlərdən qorunması, onların azad, savadlı və vətənpərvər vətəndaş kimi yetişməsi dövlətin ideoloji təhlükəsizlik siyasətinin təməl daşıdır. Bu prosesdə hər bir vətəndaş ayıq-sayıq olmalı, cəmiyyətimizin tərəqqisinə yönəlmiş qanunun aliliyi və dünyəvilik prinsiplərinə qətiyyətlə dəstək verməlidir. ”
Nurlan Cəfəri

