Gündəm · Yeni Çağ

ABŞ seçkiləri və G20 sammiti: Ukrayna müharibəsinin taleyi necə həll olunacaq? - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
ABŞ seçkiləri və G20 sammiti: Ukrayna müharibəsinin taleyi necə həll olunacaq? - Yeni Çağ xəbəri üçün şəkil

“Ukraynada hərbi əməliyyatlar davam etdiyi, əhalinin bir hissəsi öz yaşayış yerlərini tərk etdiyi, bəzi ərazilər işğal altında qaldığı müddətdə seçkilərin təşkili həqiqətən də mürəkkəb prosesdir”.

Bu sözləri Yenicag-a açıqlamasında AĞ Partiyanın sözçüsü, politoloq Cavanşir Abbaslı bildirib.

media-0a05de45-4509-4e1d-9725-ffffabcef506

C. Abbaslı Ukrayna prezidenti V. Zelenskinin 25% itirilən torpaqlarının Rusiyada qalması müqabilində sülhə razı olmasının pərdəarxası səbəblərini izah edib:

“Ukrayna əraziləri uğrunda müharibənin mahiyyətinə nəzər saldıqda görürük ki, hazırkı savaşın əsas mübahisəsi ölkə ərazisinin təxminən 25 faizi ilə bağlıdır. Ona görə də Vladimir Zelenskinin Donbasla bağlı son açıqlamasını müəyyən mənada başadüşülən hesab etmək olar. Çünki 2014-cü ildən etibarən Ukraynanın ərazilərinin bir hissəsi Rusiyanın nəzarətinə keçib, Krım ilhaq olunub, Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi işğal edilib. Sonrakı hərbi əməliyyatlar nəticəsində isə Rusiyanın nəzarətində olan ərazilər daha da genişlənib. Hazırda əsas diplomatik mübarizə Donbas uğrunda gedir. Ukraynanın nəzarətində qalan ərazilərin təxminən 11 faizi ilə bağlı məsələ danışıqların ən çətin məqamlarından biridir. Kiyev həmin əraziləri qoruyub saxlamağa çalışır, Moskva isə Donbasın tamamilə Rusiyaya verilməsini tələb edir. Hesab edirəm ki, Zelenskinin mövqeyi Ukraynanın əlində qalan əraziləri qorumaq və mümkün razılaşmada daha ağır güzəştlərə getməmək məqsədi daşıyır. Əgər müharibə Donbasın Ukraynanın nəzarətində qalan hissəsi saxlanılmaqla başa çatarsa, bu, Vladimir Putin üçün müəyyən mənada uğursuzluq olacaq. Burada söhbət Rusiyanın hərbi məğlubiyyətindən getmir. Çünki Moskva 2014-cü ildən bəri Krımı ilhaq edib, Donbasın böyük hissəsini nəzarətə götürüb və sonrakı müharibə zamanı ərazi işğalını genişləndirib. Ancaq bütün bunlara baxmayaraq, dörd ildən artıq davam edən genişmiqyaslı müharibənin Ukraynanın qalan ərazilərini də ələ keçirmədən dayandırılması Rusiyanın qarşıya qoyduğu strateji məqsədlərə tam nail ola bilmədiyini göstərər.”

Politoloq hesab edir ki, Zelenski və Ukrayna xalqı artıq müharibənin taleyi ilə razılaşmaq məcburiyyətində qalıb:

“Bu baxımdan, Zelenski də mövcud reallıqları nəzərə alaraq Ukraynanın maraqlarını qorumağa hesablanmış mövqe sərgiləyir. Bununla belə, Rusiyanın Donbasın Ukraynanın nəzarətində qalan hissəsinin Kiyevdə saxlanılması şərti ilə razılaşmaya gedəcəyini düşünmürəm. Moskva bu ərazilərə nəzarəti özünün əsas strateji hədəflərindən biri hesab edir və geri çəkilmək istəmir. Buna görə də tərəflər arasında diplomatik razılaşmanın əldə olunması hələlik kifayət qədər çətin görünür. Digər mühüm məsələ Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı müzakirələrdir. Hesab edirəm ki, Rusiyanın strateji hədəflərindən biri də Zelenskini hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu məqsədə hərbi yolla nail ola bilməyən Moskva Ukraynanın daxili siyasi proseslərindən də faydalanmağa çalışa bilər. Ukraynada seçkilərin keçirilməsini vacib sayan qüvvələrin fəallaşması bu baxımdan diqqət çəkir. Həmin qüvvələrin Rusiya ilə əlaqələrinin olduğunu qəti şəkildə söyləmək üçün konkret sübutlar lazımdır, lakin seçkilər mövzusunun Moskvanın maraqları ilə müəyyən məqamlarda üst-üstə düşdüyü də aydındır. Zelenski isə müharibə şəraitində seçkilərin keçirilməsinin təhlükəsizlik və hüquqi baxımdan ciddi problemlər yaratdığını əsas gətirir. Ukraynada hərbi əməliyyatlar davam etdiyi, əhalinin bir hissəsi öz yaşayış yerlərini tərk etdiyi, bəzi ərazilər işğal altında qaldığı müddətdə seçkilərin təşkili həqiqətən də mürəkkəb prosesdir. Bununla yanaşı, ölkə daxilində siyasi mübarizənin güclənməsi və seçkilərlə bağlı təzyiqlərin artması Zelenski üçün əlavə çətinliklər yaradır. Hesab edirəm ki, Ukrayna ətrafında gedən proseslər artıq müəyyən mənada dalana dirənib. Tərəflərin hərbi yolla həlledici nəticə əldə etmək imkanları məhdudlaşdıqca atəşkəs və siyasi razılaşma variantları daha çox müzakirə olunacaq. Yaxın aylarda belə bir razılaşmanın əldə edilməsi ehtimalını istisna etmirəm.”

C. Abbaslı hesab edir ki, Ukraynada bundan sonrakı proseslərdə Amerikanın təsiri olduqca vacib olacaq:

“Ancaq bunun hansı şərtlər əsasında baş verəcəyi və tərəflərin hansı güzəştlərə gedəcəyi hələ də açıq qalır. Bu prosesdə ABŞ-dakı siyasi vəziyyət də mühüm rol oynayacaq. Noyabrın 3-də keçiriləcək aralıq seçkilərinin nəticələri Donald Tramp administrasiyasının daxili siyasi mövqeyinə və xarici siyasət prioritetlərinə təsir göstərə bilər. Trampın Ukrayna müharibəsini dayandırmaq istiqamətində atacağı addımların perspektivi də müəyyən mənada həmin nəticələrdən asılı olacaq. Respublikaçıların seçkilərdə əldə edəcəyi nəticələr Trampın siyasi manevr imkanlarını gücləndirə və ya məhdudlaşdıra bilər. Eyni zamanda, Vladimir Putinin dekabrda keçiriləcək G20 sammitində iştirakı məsələsi də diqqət çəkir. Əgər Rusiya prezidenti sammitdə iştirak edərsə və Donald Trampla, eləcə də digər aparıcı dövlətlərin rəhbərləri ilə birbaşa təmaslar qurarsa, Ukrayna müharibəsinin əsas müzakirə mövzularından biri olacağı gözləniləndir. Belə bir görüşdə əldə ediləcək razılaşmalar müharibənin dayandırılması istiqamətində yeni imkanlar yarada bilər. Bununla belə, təkcə liderlərin görüşü müharibənin başa çatmasına zəmanət vermir. Əsas məsələ Moskva ilə Kiyevin razılaşmanın şərtləri üzərində ortaq məxrəcə gəlməsidir. Göründüyü kimi, Ukrayna müharibəsinin taleyi həm cəbhədəki vəziyyətdən, həm də ABŞ-ın siyasi qərarlarından və Rusiya ilə Qərb arasında aparılacaq danışıqlardan asılı olacaq. Zelenskinin əsas məqsədi Ukraynanın nəzarətində qalan əraziləri qorumaq, Putinin məqsədi isə əldə etdiyi ərazi üstünlüyünü siyasi və hüquqi baxımdan möhkəmləndirməkdir. Bu iki mövqe arasında ciddi ziddiyyətlər aradan qalxmayınca, davamlı sülhə nail olmaq çətin görünür”.

Nurlan Cəfəri

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑