Məlum olduğu kimi, bu gün Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu “İstiqlal” ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib.
Globalinfo.az xəbər verir ki, təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq yaşanıb.
Belə ki, Fərhad Xəlilov vaxtilə şəkli özü tərəfindən hazırlanmış bu ordenlə nə vaxtsa təltif olunacağını fikirləşmədiyini bildirib: “Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacağam”.
Prezident İlham Əliyev isə cavabında deyib: “Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz”.
“Qafqazinfo”nun araşdırmasına görə, “İstiqlal” ordeni 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunla təsis edilib. 1992-2005-ci illərdə Azərbaycanın ən yüksək dövlət təltifi olub.
Azərbaycanda milli-azadlıq hərakatında müstəsna xidmətlərinə, dövlət və xalq qarşısında xüsusilə görkəmli xidmətlərinə görə və Azərbaycanın milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə verilir.
“İstiqlal” ordeninin təsviri 3 fərqli formada verilsə də, ilk versiya ilə (1993-cü il) heç kəs təltif olunmayıb. Ordenin ikinci təsviri 1998-ci ildə təsdiq edilib.
Üçüncü və hazırkı təsvir isə 2013-cü ildə təsdiq olunub. “İstiqlal” ordeni bir-birinin üzərinə qoyulmuş iki gümüş səkkizguşəli ulduzdan ibarətdir. Üstdəki ulduzun ortasındakı lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında səkkizguşəli ulduz təsvir olunub. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca “İstiqlal” sözü yazılıb.
İndiyə kimi bu ordenlə 76 nəfər təltif olunub. Onlar arasında Xəlil Rza Ulutürk, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Tofiq Quliyev, Azad Mirzəcanzadə, Ziya Bünyadov, Süleyman Dəmirəl, Müslüm Maqomayev və digərləri var.

