“Seçkiqabağı sorğular Nümayəndələr Palatasında demokratların üstünlük əldə edə biləcəyini göstərirdi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında AĞ Partiyanın sözçüsü, politoloq Cavanşir Abbaslı bildirib.

Cavanşir Abbaslı ABŞ-da keçirilən seçkilərin mümkün nəticəsi haqqında danışıb:
“Bu seçkilər Donald Trampın siyasi gələcəyi baxımından həlledici mərhələdir. Çünki onun prezidentlik müddətinin başa çatmasına iki il qalır və məhz bu seçkilərin nəticələri Ağ Ev sahibinin qarşıdakı siyasi taleyinə ciddi təsir göstərəcək. Bir sözlə, səsvermə Trampın iki ildən sonra yenidən prezident seçilmək perspektivlərini ya gücləndirəcək, ya da onun qarşısında ciddi siyasi maneələr yaradacaq. Seçkilər ərəfəsində açıqlanan rəy sorğularının əksəriyyəti respublikaçılar üçün ürəkaçan mənzərə vəd etmirdi. Proqnozlarda demokratların həm Nümayəndələr Palatasında, həm də Senatda mövqelərini gücləndirəcəyi, hətta respublikaçıların Konqres üzərindəki nəzarəti itirə biləcəyi ehtimalı ön plana çıxırdı. Xüsusilə bu ilin fevralından etibarən İran istiqamətində aparılan hərbi əməliyyatlar və həmin cəbhədə yaranan problemlər Tramp administrasiyasının mövqelərini ciddi şəkildə zəiflədib. Müxtəlif sorğularda amerikalıların 50 faizdən çoxunun, bəzilərində isə 61 faizinin administrasiyanın İran siyasətini dəstəkləmədiyi üzə çıxıb. Təbii ki, bu narazılığın seçki nəticələrinə təsir göstərməsi ehtimalı yüksəkdir. Səsvermə zamanı Nümayəndələr Palatasının bütün 435 yeri, Senatın isə 35 yeri uğrunda mübarizənin nəticələri müəyyənləşəcək. Seçkiqabağı sorğular Nümayəndələr Palatasında demokratların üstünlük əldə edə biləcəyini göstərirdi. Senatda da respublikaçıların nəzarəti itirməsi ehtimalı müzakirə olunurdu. Hazırkı mandat bölgüsündə respublikaçıların 53, demokratların isə 47 yeri var və bu balansın dəyişməsi Tramp administrasiyası üçün ciddi siyasi nəticələr doğura bilər. Bununla yanaşı, 36 ştatda keçiriləcək qubernator seçkiləri də xüsusi əhəmiyyət daşıyır. Respublikaçıların bu ştatların əksəriyyətində məğlub olması Trampın siyasi nüfuzuna əlavə zərbə vura və iki il sonra keçiriləcək prezident seçkiləri ərəfəsində onun mövqelərini ciddi şəkildə zəiflədə bilər. Hesab edirəm ki, istənilən halda respublikaçıların seçkilərdən ciddi siyasi itkilərlə çıxması ehtimalı var. Ancaq burada bir məqamı fərqləndirmək lazımdır. Cüzi fərqlə məğlubiyyətlə tam siyasi iflas eyni şey deyil. Əgər respublikaçılar kiçik səs fərqi ilə uduzarlarsa, Trampın vəziyyəti dəyişmək, seçicilərin etimadını yenidən qazanmaq və qarşıdakı iki ildə siyasi strategiyasına düzəlişlər etmək imkanı qalacaq.”
Cavanşir Abbaslı Trampın mümkün məğlubiyyətinin Amerikada siyasi balansa ciddi təsir göstərəcəyini diqqətə çatdırıb:
“Lakin şok məğlubiyyət Ağ Ev sahibini daha dərin siyasi böhranla üz-üzə qoyacaq. Tramp da bunun fərqindədir və seçkilərin nəticələrinin onun gələcək siyasi fəaliyyəti üçün nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayır. Bununla belə, respublikaçıların mütləq məğlub olacağını indidən söyləmək düzgün olmazdı. Hətta onların gözləniləndən daha yaxşı nəticə əldə etmək ehtimalı da var. Çünki seçkilərdə hakimiyyətdə olan siyasi qüvvələrin müəyyən üstünlüklərə malik olması, seçicilərin qərarına təsir göstərməsi də nəzərə alınmalıdır. Seçkiqabağı sorğular real mənzərəni müəyyən qədər əks etdirsə də, son qərarı seçki qutusu qarşısında verilən səs müəyyənləşdirir. Digər tərəfdən, ABŞ-da bahalaşma, sosial-iqtisadi problemlər, İranla bağlı hərbi-siyasi proseslər və Tramp administrasiyasının digər beynəlxalq məsələlərdə yürütdüyü xarici siyasət ölkə daxilində narazılığı artıran əsas amillərdəndir. Bütün bunların fonunda respublikaçıların hansı nəticə əldə edəcəyi Trampın qarşıdakı iki il ərzində siyasi manevr imkanlarını müəyyənləşdirəcək”.
Nurlan Cəfəri



