“Avropa və Rusiya münaqişəsi nüvə silahının işə düşməsinə səbəb ola bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.
A.Məsiyev Rusiya–Ukrayna müharibəsinin yaranma səbəbini və pərdəarxasını izah edib:
“5 ilə yaxındır ki, Rusiya–Ukrayna müharibəsi davam edir. Bu münaqişə təsadüfən yaranmayıb. Münaqişə və onun uzunmüddətli fazaya keçməsi Amerikanın strateji planının tərkib hissəsidir. Bu, təkcə iki ölkə arasında deyil, həm də NATO və Rusiya arasında gedən savaşdır. Sözügedən savaş dünyanın iqtisadi və siyasi sistemini köklü şəkildə pozub. Münaqişə həm Rusiyaya zərər vurur, həm də Avropanı çökdürür. Son vaxtlar Avropada baş verən etirazlar da bundan qaynaqlanır. Hərbi xaos iqtisadi xaos yaradır, iqtisadi xaos isə sosial problemlərə yol açır.
Münaqişənin uzanmasının obyektiv və subyektiv səbəbləri var. Problemin həlli üçün mütləq onu doğuran səbəb aradan qaldırılmalıdır. Fəlsəfədə «səbəb və nəticə» kateqoriyası var. Münaqişə nəticədir, onu doğuran səbəb var. Bu səbəb düzgün qiymətləndirilməsə, nəticəni aradan qaldırmaq qeyri-mümkündür. Münaqişənin həlli üçün Rusiyanın şərtləri qəbul edilməlidir. Bu münaqişədə Rusiya həm hərbi, həm də siyasi müstəvidə qalibdir. Rusiya belə olan təqdirdə öz maraqlarını diqtə edir. Maraqları təmin edilməyincə münaqişənin dayandırılması mümkün deyil. Rusiyanın şərtləri isə Ukrayna və Qərb tərəfindən qəbul edilmir və Qərbin təhriki ilə proses uzanır. Münaqişəni yaradan Amerikadır; bunu ABŞ-ın sabiq lideri Tramp da açıq formada etiraf edərək münaqişənin Bayden tərəfindən yaradıldığını bildirdi.”
Politoloq hesab edir ki, münaqişəni yaradan ABŞ olduğu kimi, onu yekunlaşdıracaq ölkə də məhz ABŞ-dır:
“ABŞ bu münaqişəyə müdaxilə etməsə, problem çətin ki həll olunsun. Müharibəni körükləyən də Amerikanın əlində alət olan NATO blokudur. Məsələnin əsas mahiyyəti Avropa və Rusiya arasında müharibə başlatmaqdır. Bu gün NATO qrupuna daxil olan dövlətlər Rusiya ilə açıq münaqişəyə girmək istəyir. NATO Rusiyanın hərbi gücünü zəiflətmək və onu dünya siyasi xəritəsindən təcrid etmək üçün bu münaqişənin Avropa və Rusiya arasında de-fakto və de-yure başlanmasına səbəb oldu. Avropa–Rusiya savaşı bəşəriyyət üçün böyük təhlükədir. Bu, de-yure Üçüncü Dünya Müharibəsi deməkdir və nüvə silahının tətbiqi ilə nəticələnə bilər. Nüvə silahı isə dünyanın sonunun gəlməsinə gətirib çıxara bilər.”
Nurlan Cəfəri


