Milli Məclisin Sədri Sahibə Qafarova oktyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İİ smayıl Ould Şeyx Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Sədri Azərbaycanın qonağın yeni vəzifəsində ilk səfər etdiyi ölkələrdən biri olması respublikamızla İƏT arasında möhkəm əlaqələrdən xəbər verdiyini bildirib. S.Qafarova bu səfərin qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mədəniyyətlərarası və dinlərarası dialoqun əsas qlobal platformalarından birinə çevrildiyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycanın İƏT-in fəaliyyətində mühüm rolu qeyd edilib, həm Azərbaycan ərazilərinin işğalı dövründə, həm də münaqişədən sonrakı dövrdə təşkilatın ölkəmizə davamlı dəstəyinin, qəbul etdiyi çoxsaylı qətnamələrin və qərarların bu dəstəyi və həmrəyliyi əks etdirdiyi vurğulanıb.
İsmayıl Ould Şeyx Əhməd İƏT-in fəaliyyətinə verdiyi dəstəyə və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda uğurla təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Baş katib Prezident İlham Əliyevlə görüşü, cənab Prezidentin forumdakı çıxışı, həmçinin ölkəmizdə gördüyü inkişaf barədə təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycan sülhü, sabitliyi necə qorumaqla bağlı bütün dünyaya nümunə göstərir. Baş katib Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasına ev sahibliyi və İƏT-ə sədrliyi ilə bağlı məsələlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın sədrliyi ilə bu təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə inamını ifadə edib.
XQ






