Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya İranla yeni müharibəyə başlamaq üçün razılıq verməyib.
Bu barədə CNN ABŞ rəsmilərinə və İsrail xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Anonim qalmaq istəyən mənbələrdən biri bildirib ki, Netanyahu İsraildə parlament seçkiləri keçirilməzdən əvvəl İran əleyhinə birgə zərbə endirmək istəyib və Trampı buna inandırmağa çalışıb. Lakin ABŞ Prezidenti bu plana "yaşıl işıq" göstərməyib.
Qeyd olunur ki, Trampın imtinasının səbəblərindən biri İrana yeni zərbənin İsraildə keçiriləcək seçkilərə mənfi təsir göstərəcəyi və onların təxirə salınmasına səbəb olacağı barədə məlumatlar olub.
İsraildə parlament seçkiləri oktyabrın 27-nə təyin edilib. Seçkilərin nəticələrinə əsasən, ölkənin növbəti hökuməti formalaşdırılmalıdır.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.



