Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Alyaskada ştatın tarixində ən iri enerji infrastrukturu layihəsi hesab edilən “Alaska LNG” layihəsinin icrasına başlanıldığını bəyan edib.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
“Mən indicə Alyaskada olmuşam və ştatın tarixində ən böyük enerji infrastrukturu layihəsi olan ‘Alaska LNG’ layihəsinə start vermişəm”, – deyə ABŞ Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Cənubi Koreya ABŞ administrasiyası ilə imzalanmış ticarət və investisiya sazişi çərçivəsində layihəyə 50 milyard dollar sərmayə qoyacaq.
Tramp, həmçinin Tayvanın qarşıdakı 20 il ərzində Alyaskadan 70-80 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) almağı öhdəsinə götürdüyünü bildirib.
“Bu, növbəti 20 il ərzində boru kəməri ilə nəql ediləcək qazın ümumi həcminin 30 faizinə bərabərdir. Bu, tarixdə zəmanətli alışları nəzərdə tutan ən böyük sazişdir”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, Tayvan layihənin kapitalına 4,4 milyard dollar investisiya yatırmağa da razılıq verib.
“Bütün zəruri icazələr alınıb və razılaşdırma prosedurları başa çatıb. Layihə həyata keçirilməyə hazırdır. Onun reallaşdırılması mənim Ağ Evdə olmağım sayəsində mümkün olub”, – deyə Tramp bildirib.




