ABŞ Prezidenti Donald Tramp Alyaskada mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı və tədarükünü nəzərdə tutan “Alaska LNG” layihəsinin həyata keçirilməsinə başlanıldığını elan edib.
Globalinfo.az xəbər verir ki, o, bunu ştat tarixində ən böyük enerji infrastrukturu layihəsi adlandırıb.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
ABŞ prezidentinin sözlərinə görə, Cənubi Koreya ABŞ administrasiyası ilə əldə olunan ticarət və investisiya razılaşması çərçivəsində layihəyə 50 milyard dollar sərmayə yatıracaq.
Tramp həmçinin bildirib ki, Tayvan qarşıdakı 20 il ərzində Alyaskadan 70–80 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz almağı öhdəsinə götürüb.
“Bu, qarşıdakı 20 il ərzində boru kəməri ilə nəql olunacaq qazın həcminin 30 faizinə bərabərdir. Bu, tarixdə zəmanətli satınalma üzrə ən böyük razılaşmadır”, – deyə ABŞ prezidenti vurğulayıb.
Onun sözlərinə görə, Tayvan layihənin kapitalına 4,4 milyard dollar da yatırmağa razılaşıb.
Tramp bütün zəruri icazə və razılaşdırmaların əldə edildiyini, layihənin icrasına hazır olduğunu bildirib.
ABŞ prezidenti əlavə edib ki, bu layihənin reallaşdırılması onun Ağ Evdə olması sayəsində mümkünləşib.
Əliyar Xəlil





