Bakı.Trend:
Türkiyənin Adana şəhərində Çukurova bələdiyyəsində tenderlərdə qanun pozuntuları və rüşvət iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində 34 nəfər həbs edilib.
Bu barədə "Haber7" məlumat yayıb.
Həbs olunanlar arasında bələdiyyənin hazırkı sədri Əmrah Kozay və keçmiş sədr Soner Çetinin də yer aldığı bildirilir.
Məhkəməyə göndərilən 49 şübhəlidən 34-ü barəsində həbs qətimkan tədbiri seçilib, digərləri isə məhkəmə nəzarəti altında şərti olaraq sərbəst buraxılıb.
Adana Baş Prokurorluğunun apardığı istintaq bələdiyyədə tender və birbaşa satınalmalar zamanı qanun pozuntuları, podratçılardan ödənişlər müqabilində rüşvət alınması, eləcə də bəzi əməkdaşlara işə gəlmədikləri halda əməkhaqqı ödənilməsi iddiaları ilə bağlıdır.
Həbs edilənlər arasında bələdiyyə sədrinin üç müavini də var. Barələrində saxlanılma qərarı olan daha iki şübhəlinin axtarışı davam edir.
İstintaq çərçivəsində oktyabrın 19-da keçirilən əməliyyat zamanı ilkin olaraq 44 nəfər saxlanılıb. Axtarışda olan daha beş şübhəlinin tutulmasından sonra saxlanılanların sayı 49-a çatıb.





