Bakı.Trend:
Türkiyə Qara dənizdə hərbi əməliyyatlara moratoriumun tətbiqi və gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təklifini Ukrayna və Rusiyaya təqdim edib.
“Milliyət” qəzetinin məlumatına görə, təklif münaqişə tərəflərinin mülki gəmiləri üçün ayrı-ayrı hərəkət marşrutlarının müəyyənləşdirilməsini nəzərdə tutur.
Nəşrin məlumatına görə, Ankara Ukrayna gəmiləri üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına qədər təhlükəsizlik dəhlizinin açılmasını, Rusiya gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca marşrutun müəyyənləşdirilməsini təklif edir.
Hərbi əməliyyatlara moratoriumun tətbiqini nəzərdə tutan sənədlə bağlı məsləhətləşmələr davam edir. Nəşrin yazdığına görə, razılıq əldə olunarsa, 2022-ci ildə İstanbulda imzalanmış taxıl sazişinə bənzər, lakin bütün kommersiya gəmilərini əhatə edən bir saziş imzalana bilər. Belə bir saziş münaqişə tərəflərini mülki gəmilərə hücumları dayandırmağa məcbur edəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl İstanbul razılaşmaları modelində taxıl dəhlizinin fəaliyyətinin bərpası istiqamətində Ankaranın səylərini gücləndirdiyini bildirmişdi. O, oktyabrın 7-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin son dərəcə vacib olduğunu qeyd edib və Türkiyənin Rusiya ilə Ukrayna arasında birbaşa təmasların qurulması səylərinə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb.





