Bakı.Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov hökumətə enerji içkilərinin istehsalının və idxalının tamamilə qadağan edilməsi imkanını bir ay ərzində nəzərdən keçirməyi tapşırıb.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Növbəti altı ay ərzində Qırğızıstanın Nazirlər Kabineti qanunvericilik çərçivəsində müvafiq tədbirlər görməlidir.
Japarovun sözlərinə görə, bu təşəbbüs enerji içkilərinin əhalinin sağlamlığına təsiri ilə bağlı narahatlıqlardan irəli gəlir.
Prezident enerji içkilərinin istehlakına dair statistik göstəriciləri açıqlayıb. 2025-ci ildə Qırğızıstan sakinləri 54 milyon 199 min litr, təxminən 129 milyon ədəd (banka) enerji içkisi istehlak ediblər. 2026-cı ilin ilk altı ayında isə bu göstərici 36 milyon 83 min litr və ya təxminən 85,9 milyon ədəd təşkil edib.
Bununla yanaşı, ötən il ölkədə 25 milyon 263 min litr enerji içkisi istehsal olunub. Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərdən 28 milyon 430 min litr, digər ölkələrdən isə 1 milyon 239 min litr enerji içkisi idxal edilib.
Qırğızıstan Prezidenti xəstəliklərin profilaktikasının onların fəsadları ilə mübarizədən daha vacib olduğunu vurğulayıb və enerji içkilərinin həddindən artıq istehlakının yaratdığı risklərlə bağlı tibb mütəxəssislərinin xəbərdarlıqlarının nəzərə alınmasına çağırıb.




