Rusiyanın Krasnodar diyarının Anapa şəhəri və Temryuk rayonunda 2024-cü ilin dekabrında baş vermiş tanker qəzasından bəri hadisənin ekoloji nəticələrinin miqyası açıqlanıb. İki “Volqoneft” tankerinin qəzaya uğraması nəticəsində dənizə neft məhsullarının, o cümlədən mazutun axması sahil ərazilərində ciddi ekoloji fəsadlara səbəb olub.
Kommersant qəzeti yazır ki, Krasnodar diyarının Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, neft çirklənməsi nəticəsində o vaxtdan bəri 13 mindən çox quş tələf olub. Onların ölümündən dəyən zərər 93,6 milyon rubl qiymətləndirilir. Bu məlumatlar tanker sahiblərinə qarşı qaldırılmış iddia üzrə Krasnodar diyarı Arbitraj Məhkəməsinin dərc etdiyi qərarda əksini tapıb.
Ekoloji fəlakətdən ən çox zərər çəkən quş növü böyük təpəli bataqlıq quşları (çömçəburun) olub. Bu növdən 10 mindən çox quş tələf edilib. Bundan başqa, qarabatdaqların, qağayıların, qu quşlarının və vağların da kütləvi ölümü qeydə alınıb.Qəza baş verəndən qısa müddət sonra sahil ərazilərində zərər çəkmiş quşlara yardım mərkəzləri yaradılıb. Könüllülər mazuta bulaşmış quşları həmin mərkəzlərə çatdırıblar. Lakin mazutun yüksək toksikliyi səbəbindən xilas edilə bilən quşların sayı az olub.
Neft məhsullarının yayılması nəticəsində 89 hektardan çox əraziyə zərər dəyib. Çirklənmənin təsirinə “Anapa sahil zolağı” təbiət parkı, “Duzlu göl”, “Dəmir Burun” və “Panaqiya burnu” təbiət abidələri, həmçinin Kuban çayının deltası ərazisindəki bataqlıq və su-bataqlıq ekosistemləri məruz qalıb.
Mütəxəssislər nadir və Qırmızı kitaba daxil edilmiş heyvan və quş növlərinin yaşayış mühitinə dəymiş zərəri, ekosistemin bərpası üçün tələb olunan uzun müddəti nəzərə almaqla, ümumilikdə 34,1 milyard rubl qiymətləndiriblər.
Krasnodar diyarının Arbitraj Məhkəməsi Təbii Sərvətlər Nazirliyinin iddiasını tam təmin edib. Qərara əsasən, tanker sahibləri olan “Volqotransneft”, “Kama Shipping” və “Kamatрансойl” şirkətlərindən ətraf mühitə vurulmuş zərərə görə 34,2 milyard rublun tutulması qərara alınıb.




