Bakı.Trend:
Polşada siyasi gərginlik davam edir. Varşavanın hüquq mühafizə orqanları əməkdaşlıarı etiraz aksiyaları zamanı Konstitusiya Məhkəməsinin ərazisinə daxil olan üç nəfəri saxlayıblar.
Bu barədə Varşava polis idarəsi X sosial şəbəkəsində məlumat yayıb.
“Polis əməkdaşları hasarı aşaraq Konstitusiya Məhkəməsinin ərazisinə daxil olan üç nəfəri saxlayıblar”, – deyə məlumatda bildirilir.
Polis idarəsi həmçinin qeyd edib ki, daha əvvəl Polşanın baş prokurorundan, sonradan isə Konstitusiya Məhkəməsinin nümayəndələrindən etiraz aksiyaları ilə əlaqədar bu qurumun təhlükəsizliyinin təmin olunması üçün müraciətlər daxil olub.
Qurumun vurğuladığına görə, “polis Konstitusiya Məhkəməsinin binasının daxilində olmayıb, yalnız onun ətrafındakı ərazilərin mühafizəsini təmin etməklə kifayətlənib”.
Oktyabrın 30-da axşam saatlarında etirazçılardan ibarət izdiham Varşavada Konstitusiya Tribunalının binası qarşısına toplaşaraq binaya daxil olmağa cəhd edib, lakin polis onların qarşısını alıb.
Vəziyyət Konstitusiya Məhkəməsinin sədri Boqdan Svençkovskinin və onun müavini Bartlomey Soxanskinin vəzifədən azad edilməsi ilə əlaqədar gərginləşib.
Polşa Prezidenti Karol Navrotski ölkənin Konstitusiya Məhkəməsində yaranmış vəziyyətin nizamlanması məqsədilə bütün siyasi qüvvələrin və parlament üzvlərinin iştirakı ilə təcili müşavirə çağırıb.




