Bakı.Trend:
NATO-nun “Qələbə nəzəriyyəsi” (Theory of Victory-ing.) adlı yeni planı “müharibənin heç vaxt başlamamasına” yönəlib.
Bunu NATO Hərbi Komitəsinin rəhbəri Cüzeppe Kavo Draqone “La Repubblica” qəzetinə müsahibəsində jurnalistin planın Rusiyaya qarşı təxribat olub-olmadığı ilə bağlı sualını cavablandırarkən bildirib.
“Bu kontekstdə “qələbə” sözü ilk növbədə yalnız bir məna daşıyır: bizə təhdid yaradanlar buna nə qədər əmin olsalar da, müharibə heç vaxt başlamayacaq. Məhz buna görə də kollektiv çəkindirmə sistemimizin etibarlı olduğunu və mövcud şəraitə uyğun gəldiyini nümayiş etdirməliyik”, – deyə o bildirib.
Draqonenin sözlərinə görə, müdafiə planlaşdırması təxribat deyil, hər bir məsuliyyətli hərbi təşkilatın vəzifəsidir.
“Müdafiə planlaşdırması təxribat deyil, hər bir məsuliyyətli hərbi təşkilatın vəzifəsidir. Bu, çəkindirmənin effektivliyinin yalnız o zaman təmin olunduğu prinsipinə əsaslanır ki, rəqib hücumunun uğur qazanmaq şansının olmadığını bilsin”, – deyə Draqone izah edib.
Onun fikrincə, ən yaxşı qələbə uğrunda döyüşməyə ehtiyac qalmayan qələbədir.
NATO-nun hərbi komandanlığı pilotsuz uçuş aparatlarından (PUA) və süni intellektdən istifadəyə xüsusi diqqət yetirməklə alyansın şərq cinahının müdafiəsi üzrə yeni plan hazırlayıb. “Qələbə nəzəriyyəsi” adlandırılan plan oktyabrın 12-də NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviçə təqdim ediləcək.
KİV-in məlumatına görə, planın məqsədi “NATO ərazisinə mümkün müdaxiləyə” necə cavab veriləcəyini dəqiqləşdirməkdir. Bundan əlavə, sənəd son dörd ildə meydana çıxmış yeni silah növlərinin ənənəvi silahlarla necə uzlaşdırılacağını nümayiş etdirməyə xidmət edir.




