Bakı.Trend:
Oktyabrın 25-də Larvotto rayonunun (Monako) yaxınlığında yerləşən parkdan Monakonun knyazı II Albertin əmisi oğlu olan 29 yaşlı Antuan de Massinin meyiti tapılıb.
Bu barədə AFP Monako Baş Prokurorluğuna istinadən məlumat yayıb.
De Massinin axtarışlarına ailəsinin müraciətindən sonra başlanılıb. Ailə bazar günü günortaya qədər ondan xəbər ala bilmədiyi üçün narahatlıq keçirib.
Monakonun baş prokuroru Stefan Tibo AFP-yə bildirib ki, ilkin olaraq ölümün səbəblərini müəyyənləşdirmək məqsədilə istintaq başladılıb, daha sonra isə de Massi ilə birlikdə videomüşahidə kameralarının görüntülərində görünən şəxsin saxlanılması üçün istintaqın əhatə dairəsi genişləndirilib.
“Hazırda söhbət yalnız şübhəli və ya hadisə şahidi hesab edilən şəxsdən gedir. Hadisənin hüquqi təsnifatı hələ müəyyənləşdirilməlidir. Bununla yanaşı, bədbəxt hadisə ehtimalı da istisna edilmir”, – deyə o bildirib.
Monaco-Matin nəşrinin məlumatına görə, oktyabrın 26-da axşam saxlanılan şəxsin həbs müddəti daha 24 saat uzadılıb.
Nəşrin mənbəsinin məlumatına görə, de Massi şənbə günündən bazara keçən gecə Monakoda gecə klubundan çıxarkən görülüb və sərxoş vəziyyətdə olduğu ehtimal edilir. TF1 Info-nun məlumatına görə, saxlanılan şəxs Monakoda yaşayan Ukrayna vətəndaşıdır. Baş prokuror bu məlumatları şərh etməkdən imtina edib.
Kristian de Massinin rəsmi saytında Antuan de Massinin onun oğlu olduğu qeyd edilir. Kristian de Massinin anası isə Monakonun mərhum knyazı III Renyenin bacısı şahzadə Antuanettadır.
II Albertin rəsmi bioqrafiyasında Monako Knyazlıq Sarayı onun III Renyenin oğlu olduğunu bildirir. Beləliklə, Antuan de Massi II Albertin əmisi nəvəsi sayılır.



