Bakı. Trend:
Meksikanın Çihuahua ştatının keçmiş baş prokuroru Sezar Xauregi Meksikada Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlarının icazəsiz əməliyyatlara cəlb olunmasına görə dövlətə xəyanətdə ittiham edilərək ilkin həbsə alınıb.
Bu barədə Meksikanın Baş Prokurorluğu məlumat yayıb.
“Meksika Respublikasının Baş Prokurorluğu (FGR) Çihuahua ştatının keçmiş baş prokuroruna qarşı vətənə xəyanət cinayətində mümkün iştirakı ilə bağlı ittiham irəli sürüb. Bununla əlaqədar hakim onun hüquqi statusu müəyyənləşdirilənədək ilkin həbsdə saxlanılması barədə qərar qəbul edib”, – deyə qurumun bəyanatında bildirilib.
Milli təhlükəsizlik mülahizələri nəzərə alınaraq iş üzrə məhkəmə iclası qismən qapalı rejimdə keçirilib. Təqsirləndirilən şəxsin müdafiə tərəfi müddətin uzadılmasını istəyib. Növbəti məhkəmə iclası oktyabrın 24-nə təyin olunub.
Keçmiş məmur ötən həftəsonu həbs qərarının icrasından sonra Cinayət Axtarışları Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.





