Bakı. Trend:
Çin dövlət televiziyası həftəsonu La Liqanın ilk iki oyununu yayımlamayıb. Buna səbəb həftənin əvvəlində İspaniya çempionatının yayımlarının dayandırılması barədə qərarın açıqlanması olub. Bu qərar Kilian Mbappenin Çinin keçmiş rəhbəri Mao Tszedunla bağlı səsləndirdiyi fikirlərlə əlaqələndirilir.
Fransa mətbuatının məlumatına görə, yayımların dayandırılması barədə çərşənbə axşamı açıqlamadan sonra keçirilən ilk oyun – “Vilyarreal” və “Espanyol” komandaları arasında qarşılaşma Çinin dövlətə məxsus CMG media qrupunun nəzarətində olan CCTV televiziya kanalları şəbəkəsində yayımlanmayıb.
Cümə günü axşam İspaniyada keçirilən bu qarşılaşmanı, bununla belə, Çinin dövlət nəzarətində olan “China Mobile” mobil rabitə operatoruna məxsus Migu onlayn yayım platforması vasitəsilə izləmək mümkün olub. Bu barədə AFP jurnalistləri məlumat veriblər.
Şənbə günü Bakı vaxtı ilə saat 17:00-da başlayan “Atletiko Madrid” – “Levante” matçı da CCTV kanalında yayımlanmayıb. Hər iki oyun kanalın yayım proqramında əvvəlcədən elan edilməmişdi.
AFP-nin sorğusuna cavab olaraq La Liqadan bildirilib ki, Çin televiziyası indiyədək İspaniya çempionatının bütün oyunlarını canlı yayımlayıb.
Qalmaqal həftənin əvvəlində yayılan video ilə başlayıb. Həmin videoda “Real Madrid”in fransalı hücumçusu özü haqqında yayılan memlərdən birindən bəhs edir. Mbappe həmin memlərdən birində “Çin diktatoru” ilə müqayisə olunduğunu bildirir. Söhbət onun üzünün Mao Tszedunun məşhur fotolarına montaj edildiyi görüntülərdən gedir.
Mao Tszedun Çin tarixinin əsas simalarından biridir. Hakimiyyəti dövründə baş vermiş faciələrə və tarixçilərin onun idarəçiliyi ilə əlaqələndirdiyi milyonlarla insanın ölümünə baxmayaraq, o, ölkədə rəsmi şəkildə qəhrəman kimi təqdim olunmağa davam edir.
Çərşənbə axşamı Mbappenin adından və imicindən istifadə edən üç şirkət futbolçu ilə müqavilələrini ləğv etdiklərini açıqlayıb. Bundan sonra CCTV İspaniya çempionatının oyunlarının yayımlarını dayandırdığını bəyan edib.
Çini əsas bazarlarından biri hesab edən La Liqa Mbappenin açıqlamalarından “təəssüfləndiyini” bildirib.
Daha sonra fransalı ulduz futbolçu “üzr istəyib” və baş verənlərə görə “səmimi qəlbdən təəssüfləndiyini” ifadə edib.
Çin tərəfi isə Mbappenin üzrxahlığını “ciddi qəbul etdiyini” bəyan edib.






