“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Kataloniya klubunun sükanı arxasında 100-cü qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis bu göstəriciyə La Liqanın 11-ci turunda “Alaves” üzərində 6:1 hesablı qələbədən sonra çatıb.
Flik 100-cü qələbəsini 131-ci matçında əldə edib. O, bu nəticəyə ən tez çatan məşqçilər arasında “Barselona” tarixində ikinci yerdə qərarlaşıb. Rekord isə 126 qarşılaşmada 100 qələbə qazanan Luis Enrikeyə məxsusdur.
“Alaves”lə görüşdə “Barselona”nın heyətində Rafinya və Lamin Yamal hərəyə iki qol vurublar. Fermin Lopes və Entoni Qordon da fərqləniblər. Bu qələbə sayəsində Kataloniya təmsilçisi La Liqanın turnir cədvəlində liderliyə yüksəlib.
Flik qarşılaşmadan sonra şəxsi nailiyyətindən daha çox komandasının uğursuz nəticələrə reaksiyasını önə çəkib:
“Bu gün 100-cü qələbəmi qazana biləcəyimi bilirdim. Amma iki məğlubiyyətdən sonra komandanın vəziyyətini düşünmək daha vacib idi.
“Alaves” yaxşı müdafiə olunurdu, arxada çoxlu futbolçu saxlayırdı. Rəqibin buraxdığı kiçik boşluqlardan istifadə edərək hücum qurmağı bacardıq. Bu, çox yaxşı alındı.
İndi bərpa olunmalıyıq. Çempionlar Liqasında “Aston Villa” ilə oyuna hazırlaşırıq. Bu turnirdə oynamaq həmişə xüsusidir və qarşılaşmalar daim çətin keçir”.






