Bakı. Trend:
2014-cü ildə İranın Aeronavtika Sənayesi Təşkilatına sədr təyin olunan Mehrdad Əxlaqi Kitabçi İranın müdafiə sənayesində əsas fiqurlardan biri hesab olunur.
Trend-in araşdırmasına görə, ötən gün İran parlamenti tərəfindən müdafiə naziri seçilən 68 yaşlı Əxlaqi Kitabçi İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində dünyaya gəlib. Əmir-Kəbir Sənaye Universitetində strateji idarəetmə üzrə təhsil alan yeni nazir 2001-ci ildən Aeronavtika Sənayesi Təşkilatında fəaliyyət göstərib.
Aeronavtika Sənayesi Təşkilatı İranın Müdafiə Nazirliyinin əsas qurumlarından biri hesab olunur. O, bu təşkilatda texnologiyaların idarə olunması, raket sənayesi, aeronavtika sənayesi ilə əlaqədar avadanlıqların idarə olunması üzrə müxtəlif vəzifələrdə çalışıb.
Yeni nazirin İranda raketlərin istehsalında əsas şəxslərdən biri hesab olunan Həsən Tehrani Moqəddəm, nüvə fiziki Mohsen Fəxrizadə və İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Aeronavtika Hərbi Qüvvələrinin rəhbəri olmuş Əmir Əli Hacızadə ilə yaxın əlaqəsi olub. Məhz Əxlaqi Kitabçinin Tehrani Moqəddəmin planlarının dəstəkləməsi nəticəsində İranda “Fateh 110” raketi istehsal olunub. Yeni nazir İranın ballistik raketlərinin istehsalı və inkişafında əsaslı rola sahib olub.
Əxlaqi Kitabçiyə BMT Təhlükəsizlik Şurasının 2007-ci ildə 1747 saylı qətnaməsinə əsasən sanksiya tətbiq olunub. Yeni nazir həmçinin Avropa İttifaqının da sanksiyalar siyahısına daxil edilib.
Şəxsi həyatı haqda da ciddi məlumatları paylaşılmayan Əxlaqi Kitabçini bəzən “kölgə adamı” kimi qələmə verirlər. O, İranın bir çox müdafiə nazirlərinin əksinə olaraq hərbi komandan deyil, müdafiə sənayesi üzrə fəaliyyət göstərib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində İranın müdafiə naziri Əziz Nəsirzadə ölüb. İran prezidenti Seyid Məcid İbn Rzanı Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin edib. 18 oktyabrda İran parlamenti 237 lehinə və 15 əleyhinə səslə Mehrdad Əxlaqi Kitabçi yeni müdafiə naziri seçilib.




