Bakı. Trend:
Ötən gecədən indiyə qədər Hörmüz boğazında 3 neft tankeri qeyri-qanuni hesab olunan marşrutlardan istifadə edərkən minaya düşüb.
Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məlumatında öz əksini tapıb.
Sözügedən neft tankerləri izləmə və GPS sistemlərini söndürdüyünə görə, Hörmüz boğazında minaya düşdükdən sonra partlayış və yanğın baş verib.
SEPAH bildirir ki, Hörmüz boğazında İranın tətbiq etdiyi qaydalar radio-stansiyaları vasitəsi ilə dəfələrlə bütün gəmilərə elan olunub. Bu qaydaları görməməzlikdən gəlmək və ABŞ ordusunu dəstəkləmək belə hadisələrin baş verməsi ilə nəticələnir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.


