Dünya · Modern.az

Ermənistan referendum üçün parlament baryerini azaldacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistan referendum üçün parlament baryerini azaldacaq
Ermənistan referendum üçün parlament baryerini azaldacaq

Ermənistanda Konstitusiyaya dəyişikliklərin referendum yolu ilə qəbul edilməsi üçün tələb olunan parlament səs çoxluğu azaldılacaq. Bu barədə ölkənin ədliyyə naziri Srbuhi Qalyan parlamentdə keçirdiyi brifinqdə açıqlama verib.

Modern.az xəbər verir ki, hazırda Konstitusiyaya dəyişiklik layihəsinin referenduma çıxarılması üçün parlament deputatlarının ümumi sayının azı üçdə ikisinin səsi tələb olunur. Əgər təşəbbüs 200 min imza toplayan vətəndaşlardan və ya deputatların üçdə birindən gəlsə, lakin parlament layihəni rədd etsə, referendumun keçirilməsi üçün parlament üzvlərinin beşdə üçünün dəstəyi lazımdır.

Srbuhi Qalyanın sözlərinə görə, yeni Konstitusiya qəbul edildikdən sonra ona dəyişikliklər yalnız referendum yolu ilə edilə biləcək. Bununla belə, dəyişikliklərin həyata keçirilməsi üçün parlamentin təsdiqi tələbi də qüvvədə qalacaq.

Nazir bildirib ki, yeni Konstitusiyanın qəbul edilib-edilməməsinə xalq qərar verməlidir. Onun fikrincə, bu, deputatların üçdə ikisinin dəstəyini tələb edən hazırkı qaydadan daha aydın demokratik təzahürdür.

S.Qalyan həmçinin Ermənistan Konstitusiyasının guya Bakının diktəsi ilə dəyişdirildiyi barədə iddialardan yorulduğunu bildirib. Onun sözlərinə görə, yeni Əsas Qanun üzərində iş artıq bir neçə ildir davam edir. Məqsəd ölkənin sabit inkişafını və səmərəli siyasi sistemini təmin edəcək balanslaşdırılmış sənəd hazırlamaqdır.

"Bu, bizim daxili işimizdir və istəyirik ki, qərarı xalq versin”, – deyə nazir vurğulayıb.

Ədliyyə naziri əlavə edib ki, Konstitusiya layihəsinin referendumdan əvvəl geniş ictimai müzakirələri keçirilməlidir. Bununla yanaşı, referendumun təşkili üçün hələlik konkret tarix müəyyən edilməyib.

Qeyd edək ki, Ermənistanın yeni Konstitusiya layihəsi noyabr ayında ictimaiyyətə təqdim olunacaq.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ölkəsinin yeni Konstitusiyanın qəbulunun Azərbaycanla sülhün əldə edilməsi üçün kifayət edib-etməyəcəyini aydınlaşdırmaq niyyətində olduğunu bildirib. O, həmçinin sülh sazişinin imzalanmasının bütün mübahisəli məsələlərin yekun həlli demək olub-olmadığına aydınlıq gətirilməsinin vacibliyini qeyd edib.

Xatırladaq ki, Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsini sülh müqaviləsinin imzalanması üçün şərt kimi irəli sürüb. Konstitusiya dəyişikliklərinin və ya referendumun təşəbbüsü üçün hakim siyasi qüvvənin parlamentdə üçdə iki səs çoxluğuna malik olması tələb olunur.

2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, səslərin 49,81 faizini toplayan hakim “Vətəndaş müqaviləsi” partiyası konstitusiya çoxluğunu əldə edə bilməyib.

    BİRLİKDƏ PAYLAŞAQ

    Xəbəri paylaş

    Oxunma0

    Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

    Yuxarı qayıt ↑