Bakı.Trend:
Avropa Komissiyası çərşənbə günü Ukrayna, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya və Dünya Bankının nümayəndələri ilə Ukraynanın müharibədən sonrakı bərpası məsələsini müzakirə etmək üçün görüş keçirəcək.
"İnterfaks-Ukrayna"nın məlumatına görə, barədə çərşənbə axşamı Brüsseldə Avropa Komissiyasının baş sözçüsü Paula Pinyonun açıqlamasında bildirilib.
“Bu həftə, çərşənbə günü, yəni artıq sabah Avropa Komissiyası Ukrayna, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, NATO və Dünya Bankının nümayəndələrinin iştirakı ilə görüş keçirəcək”, – deyə o bildirib.
Pinyonun sözlərinə görə, görüşdə əsas diqqət Ukraynanın müharibədən sonrakı bərpası və rifahının təmin edilməsi məsələlərinə yönəldiləcək.
“Bu görüş Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Mayamidə keçirilmiş və Ukraynada uzunmüddətli, dayanıqlı sülhə nail olmağa yönəlmiş əvvəlki danışıqların davamı olacaq. Avropa Komissiyasını görüşdə milli təhlükəsizlik məsələləri üzrə müşavirlər, yəni yüksək vəzifəli rəsmilər təmsil edəcəklər”, – deyə baş sözçü əlavə edib.
Bununla yanaşı, o, ABŞ tərəfdən görüşdə konkret olaraq kimin iştirak edəcəyi barədə məlumat verə bilməyib. Pinyo Ukrayna Prezidenti Volodimir Zelenskinin Brüsselə mümkün səfəri barədə də məlumata malik olmadığını bildirib.




