Bakı. Trend:
Çin 2030-cu ilə qədər ilk dəfə astronavtlarını Ay səthinə göndərməyi hədəfləyir. Missiyanın "iki buraxılış – bir eniş" prinsipi əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Ayın tədqiqi proqramının baş konstruktoru Van Syanın sözlərinə görə, missiyanın ilkin mərhələsində iki "Çançjen-10" daşıyıcı raketi vasitəsilə "Lanyue" adlı Ay eniş modulu və "Mençjou" pilotlu kosmik gəmisi orbitə çıxarılacaq.
Daha sonra hər iki kosmik aparat Ay orbitində görüşərək bir-birinə birləşəcək. Bundan sonra astronavtlar pilotlu kosmik gəmidən eniş moduluna keçəcək və Ay səthinə enəcəklər.
Missiyada üç nəfərlik ekipaj iştirak edəcək. Onlardan ikisi Ay səthinə enərək elmi-tədqiqat işləri aparacaq. Missiya başa çatdıqdan sonra astronavtlar yenidən pilotlu kosmik gəmiyə qayıdaraq Yerə yollanacaqlar.
Pilotlu enişdən əvvəl Çin Ay orbitində üç pilotsuz texnologiya sınağı keçirməyi planlaşdırır. Bu sınaqların uğurla başa çatmasından sonra insanlı eniş mərhələsinə başlanılacaq.
Bütün raket buraxılışlarının Çinin cənubunda yerləşən Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilməsi planlaşdırılır.






