Qara dənizdə kommersiya gəmilərinə qarşı baş verdiyi bildirilən hücumlar regionda gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Rusiyanı Bolqarıstanın ərazi suları yaxınlığında ticarət gəmilərinə zərbə endirməkdə ittiham edib. Ukrayna tərəfinin məlumatına görə, insident nəticəsində Azərbaycan və Ukrayna vətəndaşları xəsarət alıb. Bu cür insidentlər NATO üzvü olan Bolqarıstanın və digər Qara dəniz ölkələrinin mövqeyinə necə təsir göstərə bilər? Hadisə zamanı Azərbaycan vətəndaşlarının xəsarət aldığı bildirilir. Bu fakt Moskva ilə Bakı arasındakı münasibətlərə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Təzadlar.az-a açıqlama verən rusiyalı politoloq Bogdan Bezpalko bunları bildirdi: “Bolqarıstan sahillərindən təxminən 30–31 kilometr məsafədə iki gəmiyə edilən hücumun Rusiya dronları tərəfindən həyata keçirildiyini təsdiqləyən hər hansı dəqiq sübut varmı? Xeyr. Yəni hücumun məhz Rusiya tərəfi tərəfindən həyata keçirildiyini təsdiqləyən konkret sübut yoxdur”.
“Bununla yanaşı, qeyd etmək istərdim ki, Ukrayna Silahlı Qüvvələri əvvəllər də Rusiya Federasiyasının Qara dəniz sahillərinə, həm Krım yarımadasında, həm də Taman yarımadasında hücumlar həyata keçirib. Bu hücumlar zamanı digər ölkələrə məxsus, xarici heyət üzvlərinin çalışdığı və ABŞ-da qeydiyyatdan keçmiş şirkətlərin, yaxud Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) maraqları naminə fəaliyyət göstərən mülki gəmilər də hədəfə alınıb. Həmin gəmilər Qazaxıstan neftini daşıyırdı”, — deyə rus politoloq qeyd edib.
Bogdan Bezpalko atəşkəs barədə sonda vurğulayıb: “Ona görə də düşünürəm ki, bu münaqişənin kökləri kifayət qədər dərindir və vəziyyət çox mürəkkəbdir. Bu baxımdan, Qara dənizdə atəşkəsə nail olmaq olduqca çətin olacaq”.
Dəniz Pənahova





