Rusiya Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməmək barədə zəmanət verməli olduğunu və qondarma sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanmasının vacibliyini bəyan edib. Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında yer alıb. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 9-da nazir müavini Mixail Qaluzin Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə beynəlxalq müzakirələrin həmsədrləri ilə videokonfrans formatında görüş keçirib. Görüşdə BMT baş katibinin köməkçisi, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi iştirak ediblər. Nazirliyin açıqlamasında bildirilib ki, noyabrda keçirilməsi planlaşdırılan növbəti raundun hazırlıqları çərçivəsində danışıqların gündəliyindəki vacib məsələlər ətraflı müzakirə olunub. Rusiya tərəfi Abxaziya və Cənubi Osetiyanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Açıqlamada qeyd olunub ki, praktik addımlar sırasında rəsmi Tbilisinin Suxumi və Sxinvaliyə qarşı güc tətbiq etməmək barədə zəmanət verməsi, eləcə də Gürcüstan–Abxaziya və Gürcüstan–Cənubi Osetiya sərhədlərinin delimitasiyası prosesinə başlanması nəzərdə tutulur. Rusiya Xarici İşlər Nazirliyinin mövqeyinə görə, delimitasiyadan sonra demarkasiya işləri aparılmalıdır.






