Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel İsrailin ölkə ərazisindəki Türkiyə hərbi hədəflərinə hücum edə biləcəyi və Yunanıstanın da belə bir hücuma dəstək verə biləcəyi ilə bağlı ssenarilərin təhlükəli həddə çatdığını bildirib.
Sfera.az xəbər verir ki, Üstel Şərqi Aralıq dənizindəki hərbi prosesləri və ŞKTC-yə qarşı mümkün hücum ehtimallarını şərh edib. Kipr məsələsində kritik və təhlükəli dövrdən keçildiyini qeyd edən baş nazir Kipr türklərini birlik və həmrəylik nümayiş etdirməyə, ŞKTC-ni və Türkiyəni dəstəkləməyə çağırıb.
Üstel Yunanıstanda təqaüddə olan bir komandirin televiziya proqramında İsrailin ŞKTC-dəki Türkiyə hərbi hədəflərinə hücum edə biləcəyini irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, həmin şəxs Kiprin NATO üzvü olmadığını əsas gətirərək belə bir hücumun NATO üzvünə qarşı hücum hesab edilməyəcəyini iddia edib.
Baş nazir yunan və Kipr yunan mediasında İsrailin ŞKTC-yə mümkün hücumlarına Yunanıstan ordusunun dəstək verə biləcəyi barədə təhlillərin də yayımlandığını qeyd edib. Üstel bildirib:
"Bu açıqlamalar rəsmi hücum qərarının sübutu deyil. Lakin Türkiyə hərbçilərinə hücum edilməsini və Türkiyənin Kiprdən çıxarılmasını müzakirəyə çıxaran düşüncənin nə qədər təhlükəli həddə çatdığını göstərir".
ABŞ, Fransa və İsrailin Cənubi Kipr Rum Administrasiyası və Yunanıstanla inkişaf etdirdiyi hərbi əlaqələri də qiymətləndirən Üstel bu əməkdaşlıqların Şərqi Aralıq dənizinə təsirlərinin araşdırılmalı olduğunu bildirib.
O, Kipr yunan tərəfinə və Yunanıstana göstərilən hərbi və siyasi dəstəyin barışmaz siyasəti təşviq etdiyini deyib. Üstel Türkiyənin adadakı mövcudluğunu hədəf alan ssenarilər qarşısında səssiz qalmayacaqlarını vurğulayıb.
Baş nazir Avropa Parlamentinin Kipr yunan icmasından olan bir üzvünün “Mavi Vətən bizimdir” ifadəsinə də münasibət bildirib. O, bu yanaşmanın Türkiyənin dənizlərdəki hüquq və maraqlarını hədəf aldığını qeyd edib:
“Dövlətimizi və gələcəyimizi təslim etməməliyik”.
ŞKTC-nin suverenliyinin və Türkiyənin adadakı mövcudluğunun müzakirə mövzusu ola bilməyəcəyini bildirən Üstel daxili siyasi rəqabətin dövlətin təhlükəsizliyindən və gələcəyindən üstün tutulmamalı olduğunu deyib:
“Bu çərçivədə dövlətimizi, təhlükəsizliyimizi və gələcəyimizi Kipr yunanları ilə birləşməyi öz mövcudluğunun məqsədi kimi təqdim edənlərə təslim etməməliyik”.
Türkiyə ilə münasibətlərin ŞKTC-nin təhlükəsizliyi baxımından əhəmiyyətinə toxunan Üstel siyasi mübahisələrin və seçki vədlərinin uzun illər ərzində əldə edilmiş nailiyyətləri təhlükəyə atmamalı olduğunu bildirib. Baş nazir Türkiyə ilə qardaşlıq əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb:
"Bu dövrdə verilən düzgün qərarlar yalnız bu günü deyil, uşaqların və nəvələrin hansı şəraitdə yaşayacağını da müəyyən edəcək. Uzun illər davam edən mübarizə, fədakarlıqlar və əldə edilmiş nailiyyətlər qeyri-müəyyən və populist seçki vədləri naminə təhlükəyə atılmamalıdır".
İradə Elsevər





