Xəbər verdiyimiz kimi, ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə 7-ci sinif şagirdi məktəbin pəncərəsindən yıxılaraq həyatını itirib və hadisə ilə bağlı orta məktəbdə olan REAL TV-nin çəkiliş qrupuna hücum olub.
Tezadlar.az xəbər verir ki, trend-in əldə etdiyi məlumata görə, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri – H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasının tədbirlərində iştirak etdiyi, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.
Sözügedən insidentdən bir neçə saat sonra onun sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur.

İnsidentin görüntülərini şərh edən internet istifadəçilərinə o, “İnstagram” profilindən “Heç kim bilib-bilmədən fikir bildirməsin” , – deyə qeyd yazıb.
Xatırladaq ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum ötən gün məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.
Məlumata görə, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı REAL TV-nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin “Space” telekanalının əməkdaşının da döyüldüyü bildirilir.
Faktla əlaqədar polis tərəfindən saxlanılanların olduğu bildirilir, hazırda araşdırma aparılır.






