ZƏNGİLAN, 20 oktyabr. TELEQRAF
Zəngilan Şəhəri Günü münasibətilə plov festivalı təşkil olunub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə festivalda Zəngilana məxsus plov və qutab növləri, eləcə də əl işləri və bal məhsulları nümayiş etdirilib.
Tədbirdə Prezidentin Zəngilan şəhəri üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, nümayəndəliyin əməkdaşları, yerli sakinlər və müxtəlif bölgələrdən gələn qonaqlar iştirak ediblər.
Festival çərçivəsində fotosərgi və uşaqlar üçün tamaşalar da təşkil olunub.
Tədbirlərin konsert proqramı və atəşfəşanlıqla yekunlaşması nəzərdə tutulur.






