Yaxın beş il ərzində Hörmüz boğazı kritik əhəmiyyətli nəqliyyat qovşağı statusunu itirəcək.
Publika.az xəbər verir ki, bu barədə "HSBC Group"un rəhbəri Jorj Əlhederi Dubayda keçirilən HSBC Future forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, buna Fars körfəzində alternativ logistika marşrutlarına yatırılan irimiqyaslı investisiyalar şərait yaradır.
Əlhederi qeyd edib ki, ABŞ-İran münaqişəsi “dünyanın Hörmüz boğazından əhəmiyyətli dərəcədə asılı olduğunu” nümayiş etdirib: hərbi əməliyyatlar başlamazdan əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) həcminin 20 faizədək hissəsi bu boğazdan keçirdi.
Bu risklərə cavab olaraq, region ölkələri resurslarını limanlara qədər uzanan boru kəmərlərinin tikintisinə yönəldirlər. Bu, geosiyasi gərginliyin nəticələrini minimuma endirməyə imkan verəcək. O, həmçinin investisiyalar hesabına regionun bərpa olunacağına və inkişaf edəcəyinə inandığını bildirib. Bununla yanaşı, bankın “münaqişənin həllinə böyük ümid bəslədiyini” vurğulayıb.
HSBC-nin qiymətləndirməsinə görə, regionda planlaşdırılan infrastruktur layihələrinin ümumi dəyəri 1,4 trilyon dollara çatır. Hazırda Yaxın Şərq, Şimali Afrika və Türkiyə ölkələri artıq 872 milyard dollar dəyərində müqavilələr bağlayıblar. Bankın 1600 top-menecer və 820 institusional investor arasında keçirdiyi sorğular təsdiqləyir ki, beynəlxalq biznes Fars körfəzinə hələ də dünyanın əsas investisiya mərkəzlərindən biri kimi baxır.
Hüseyn İbadlı






