BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna Prezidenti Volodimir Zelenski ilə Osloda keçirəcəyi görüşdən sonra Rusiyaya səfər etməyi və Prezident Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Uitkoff oktyabrın 20-də Zelenski ilə görüşmək üçün Osloya yollanıb. Danışıqlarda Norveçin Baş naziri Yonas Qar Störe, Böyük Britaniya, Almaniya, İtaliya, Fransa, Avropa İttifaqı və NATO nümayəndələrinin də iştirakı gözlənilir.
Görüşün əsas məqsədi Rusiya ilə sülh danışıqlarının bərpasına zəmin yarada biləcək hərtərəfli təkliflər paketinin razılaşdırılmasıdır.
Mənbələrin bildirdiyinə görə, Uitkoff Oslo görüşündən sonra Moskvaya səfər edərək Ukrayna və Avropa tərəfdaşları ilə birgə hazırlanmış təklifləri Putinlə müzakirə etmək niyyətindədir.
Qeyd olunur ki, ötən həftə ABŞ, Ukrayna və Avropa nümayəndələri bu təkliflər üzərində texniki səviyyədə işləyiblər. Müzakirə olunan məsələlər arasında Ukrayna Silahlı Qüvvələri tərəfində döyüşlərdə iştirak etdiyinə görə Rusiyada məhkum olunmuş 72 yaşlı ABŞ vətəndaşı Stefan Habbardın azad edilməsi də var.
“Prezident Donald Tramp Ukrayna və Avropanın iştirakı ilə hərtərəfli sülh təklifinin hazırlanması üçün intensiv iş aparılması barədə göstəriş verib. Növbəti addım bu təkliflərin Rusiya ilə ciddi danışıqlar üçün əsas olub-olmayacağını müəyyənləşdirməkdir”, – mənbə bildirib.
Mənbə əlavə edib ki, Trampın əsas məqsədi müharibəni dayandırmaq və Ukrayna, Rusiya, Avropa və ABŞ-nin maraqlarına xidmət edəcək davamlı sülhə nail olmaqdır.
Məlumata görə, Trampın kürəkəni Cared Kuşner qripə yoluxduğu üçün bu dəfə Uitkoffu səfərdə müşayiət etməyəcək. O, məsləhətləşmələrə məsafədən qoşulacaq.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də Moskvanın Ukraynada hərbi əməliyyatların sülh yolu ilə mümkün qədər tez başa çatdırılmasında maraqlı olduğunu bildirmişdi. Putin Rusiyanın danışıqlara hazır olduğunu, lakin Kiyev tərəfindən buna istək görmədiyini iddia etmişdi.


