BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin İrana qarşı hərbi əməliyyatları dərhal dayandıra biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Kanzas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
Amerika lideri iddia edib ki, İranın nüvə silahı əldə etmək imkanları aradan qaldırılıb və bu səbəbdən ABŞ hərbi əməliyyatları istənilən vaxt başa çatdıra bilər.
“Onların nüvə silahı ola bilməz və olmayacaq. Kimsə dedi ki, siz elə indi çıxa bilərsiniz. Bu, doğrudur. Biz elə indi çıxa bilərik”, – Tramp bildirib.
ABŞ Prezidenti ötən ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri də xatırladıb.
“Möhtəşəm B-2 bombardmançı təyyarələri buraya yaxın yerləşən bazadan havaya qalxdı və bütün bombalarını atdı”, – o qeyd edib.
Tramp daha əvvəl də İrana qarşı müharibənin yaxın vaxtlarda başa çatacağını bildirmişdi. Onun sözlərinə görə, hərbi qarşıdurma noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdən dərhal sonra, hətta seçkilərdən əvvəl yekunlaşa bilər.
Qeyd edək ki, İran hakimiyyəti nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini və Tehranın heç vaxt atom bombası əldə etmək niyyətində olmadığını dəfələrlə bəyan edib.





