BAKI, 24 oktyabr. TELEQRAF
Paris Polis Prefekturası həmkarlar ittifaqlarının Bastiliya meydanından Millət meydanına qədər keçirilməsi əvvəlcədən razılaşdırılmış yürüş marşrutunu qadağan edib.
Teleqraf xəbər verir ki, "France Info" radiostansiyasının mənbəyə istinadən yaydığı məlumata görə, həmkarlar ittifaqlarına alternativ olaraq paytaxtın kənarında, İtaliya qapısından Vensen qapısına qədər olan marşrut təklif olunub.
Həmkarlar ittifaqları hakimiyyətin qərarı ilə razılaşmadıqlarını bildirərək inzibati işlər üzrə ali məhkəmə orqanı olan Dövlət Şurasına şikayət edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Loran Nunes ölkə üzrə ictimai asayişin qorunmasına 70 min polis və jandarmın cəlb ediləcəyini bildirib. Bir sıra şəhərlərdə bütün aksiyalar qadağan edilib. Parisdə isə əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı yalnız həmkarlar ittifaqlarının yürüşünə icazə verilib.
Bundan əvvəl Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Fransa Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib.






