Dünya · Teleqraf

KİV: Berlində polis və yanğınsöndürmə xidmətinin texnikası sıradan çıxır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
KİV: Berlində polis və yanğınsöndürmə xidmətinin texnikası sıradan çıxır xəbəri üçün şəkil

BAKI, 14 oktyabr. TELEQRAF

Almaniyanın paytaxtı Berlində yanğınsöndürmə xidmətinin texnikasının təxminən 20 faizi, polis avtomobillərinin isə 5 faizi nasaz vəziyyətdədir və əməliyyatlara cəlb oluna bilmir.

Teleqraf xəbər verir ki, bu barədə “Die Welt” nəşri Berlin Senatının Yaşıllar Partiyası fraksiyasının yazılı sorğusuna verdiyi rəsmi cavaba istinadən məlumat yayıb.

Sənədə əsasən, xidməti avtomobil parkındakı problemlər fövqəladə xidmətlərin büdcə xərclərinin kəskin artmasına səbəb olub.

Belə ki, Berlin Yanğınsöndürmə Xidmətinin kənar təmir müəssisələrinə ödədiyi vəsait 2024-cü ildəki 4,7 milyon avrodan 2025-ci ildə təxminən 8 milyon avroya yüksəlib.

Xidmətin öz texniki bölmələrində ciddi kadr çatışmazlığı müşahidə olunur. Hazırda yanğınsöndürmə xidmətinin avtomobil təmiri emalatxanasında mövcud 59 ştat vahidindən 7-si vakantdır.

Almaniya Yanğınsöndürənlər Həmkarlar İttifaqının Berlin bölməsinin sədri Manuel Bart bildirib ki, texnikanın mövcud nasazlıq səviyyəsi xidmətin imkanlarını tükəndirmək üzrədir.

Onun sözlərinə görə, avtomobillər sıradan çıxdıqda çağırışlar digər yanğınsöndürmə bölmələrinə yönləndirilir. Bu isə xilasedicilərin daha uzun məsafə qət etməsinə və hadisə yerinə çatma müddətinin artmasına səbəb olur.

Vəziyyəti ağırlaşdıran digər amil yanacaq qiymətlərinin yüksəlməsidir. Nəşr bu artımı ABŞ və İsrailin İranla münaqişəsi fonunda enerji bazarında yaranmış vəziyyətlə əlaqələndirir.

Məlumata görə, Berlin Yanğınsöndürmə Xidməti 2025-ci ildə yanacağa 2,8 milyon avro xərcləyib. Bunun təxminən 900 min avrosu əvvəlcədən nəzərdə tutulmayan əlavə xərclər olub. 2026-cı ildə isə yanacaq təminatı üçün daha 1 milyon avro çatışmazlıq gözlənilir.

Berlin polisinin 2025-ci ildə yanacaq xərcləri 5,4 milyon avroya çatıb. Büdcədə nəzərdə tutulan məbləğ təxminən 500 min avro aşılıb. Cari ildə polisə əlavə 2,1 milyon avro tələb olunacağı bildirilir.

Almaniya Polis Həmkarlar İttifaqının Berlin bölməsinin sədri Frank Tayxertin qiymətləndirməsinə görə, paytaxt polisinin bütün nəqliyyat vasitələrinin yarıdan çoxu texniki vəziyyətinə görə artıq istismardan çıxarılmalıdır.

Tayxert bildirib ki, nəqliyyat çatışmazlığı xüsusilə xarici vətəndaşların deportasiyası ilə bağlı planlaşdırılan əməliyyatlarda özünü göstərir. Nasaz avtomobillər səbəbindən polis əməkdaşları bəzən müvafiq ünvanlara vaxtında çata bilmirlər.

Bununla belə, Berlin Senatının Daxili İşlər və İdman İdarəsi fövqəladə xidmətlərin əməliyyat hazırlığının təhlükə altında olduğunu qəbul etmir.

Qurum təmir xərclərinin artmasını ehtiyat hissələrinin bahalaşması, təmir xidmətlərinin qiymətlərinin yüksəlməsi və avtomobil parkının köhnəlməsi ilə izah edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑