BAKI, 16 oktyabr. TELEQRAF
Kipr Prezidenti Nikos Xristodulidis Avropa İttifaqının (Aİ) büdcə planlaşdırılması müddətinin 7 ildən 3–4 ilə endirilməsini və büdcə xərclərinin 10–11 faiz azaldılmasını təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə Kipr lideri “Politico” nəşrinə müsahibəsində bildirib.
O, Brüsseldə keçirilən Aİ sammitində büdcə danışıqlarının nəticəsiz qalmasından sonra mövcud maliyyə planlaşdırılması sisteminə yenidən baxılmasının vacibliyini vurğulayıb.
“Avropa İttifaqı 2026-cı ildə 2034-cü ilədək olan büdcəni müzakirə edir. Halbuki 3–4 illik büdcə üzrə razılığa gəlmək daha asan olardı”, – Xristodulidis deyib.
Prezidentin sözlərinə görə, uzunmüddətli büdcə planlaşdırılması gələcək böhranları və maliyyə ehtiyaclarını əvvəlcədən müəyyənləşdirməyə imkan vermir.
O xatırladıb ki, 2019-cu ildə nə COVID-19 pandemiyasını, nə də Ukraynadakı müharibəni proqnozlaşdırmaq mümkün idi. Hər iki hadisə Aİ-nin 2021–2027-ci illər üçün nəzərdə tutulan büdcəsinə ciddi maliyyə yükü yaradıb.
Xristodulidis Avropa Komissiyasının təklif etdiyi 1,76 trilyon avroluq yeddiillik büdcənin razılaşdırılması üçün onun təxminən 10–11 faiz azaldılmasının lazım gələcəyini bildirib.
Kipr lideri İspaniyada növbədənkənar seçkilərə hazırlıq fonunda üzv ölkələr arasında büdcə razılaşmasının əldə olunmasının çətin olacağını da qeyd edib.
Xatırladaq ki, Avropa İttifaqında yeddiillik büdcə planlaşdırılması sistemi 1988–1992-ci illərdə Jak Delorun rəhbərlik etdiyi Avropa Komissiyasının fəaliyyəti dövründə formalaşdırılıb.
Bu mexanizmin əsas məqsədi Aİ institutlarının maliyyə sabitliyini təmin etmək və büdcə planlaşdırılmasını üzv ölkələrdəki seçki dövrlərindən asılı vəziyyətə düşməkdən qorumaq olub.
Lakin son illərdə baş verən iqtisadi və geosiyasi böhranlar uzunmüddətli büdcə planlaşdırılması sisteminin çevikliyi ilə bağlı müzakirələri gücləndirib.






