Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp səmada qeyri-adi dərəcədə yüksək sürətlə hərəkət edə bilən naməlum obyektlər gördüklərini iddia edən amerikalı hərbi pilotlarla şəxsən söhbət etdiyini bildirib.
O, bu barədə “Newsmax” telekanalına müsahibəsində danışıb.
“Əvvəllər belə şeylərə o qədər də inanmırdım. Elə dostlarım var ki, yalnız bu barədə danışırlar. Amma onu dəqiq bilirəm ki, biz kifayət qədər qəribə şeylər görürük”, – deyə ABŞ lideri bildirib. Onun sözlərinə görə, uçuşlar zamanı qeyri-adi hadisələri müşahidə etdiklərini söyləyən ABŞ Hərbi Hava Qüvvələrinin beş-altı pilotu ilə şəxsən söhbət edib.
Tramp qeyd edib ki, pilotlardan biri dairəvi obyekt müşahidə etdiyini və həmin obyektin, onun iddiasına görə, Amerikanın F-22 qırıcı təyyarəsindən dörd dəfə sürətlə hərəkət etdiyini bildirib.
“Mən soruşdum: "Bəlkə, bu, kometa və ya başqa bir şey idi?" O isə cavab verdi: "Xeyr, cənab’, – deyə prezident danışıb.
ABŞ lideri həmsöhbətlərinin konspirasiya nəzəriyyələrinin tərəfdarları deyil, etibara layiq peşəkarlar olduğunu düşündüyünü vurğulayıb. Bununla belə, Tramp jurnalistin yadplanetlilərin mövcudluğu, Yerin yerdənkənar sivilizasiyalar tərəfindən mümkün ziyarətləri və amerikalı mütəxəssislərin onların ehtimal olunan texnologiyalarını araşdırıb-araşdırmaması ilə bağlı sualına birbaşa cavab verməyib.





