BAKI, 2 noyabr. TELEQRAF
İsraildə ötən həftə keçirilən parlament seçkilərinə xarici müdaxilə ilə bağlı şübhələr təsdiqlənsə belə, bu, səsvermənin dürüstlüyünü və ümumi nəticələrini şübhə altına almır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Noam Solberq “The Jerusalem Post” qəzetinə açıqlamasında bildirib.
Solberq İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri David Zini, baş prokuror Qali Baharav-Miara və MSK-nın baş direktorunun səlahiyyətlərini icra edən Din Livne ilə birlikdə yayımladığı videomüraciətdə bildirib ki, mümkün xarici müdaxilə ilə bağlı araşdırma davam etdiriləcək.
Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olmayaraq, seçkilərin rəsmi nəticələri noyabrın 4-də açıqlanaraq ölkə prezidenti İsxak Hersoqa təqdim ediləcək. Həmin gün yeni hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələrin başlanması da nəzərdə tutulur.
Səslərin hesablanmasının nəticələrinə əsasən, ərəb partiyaları – “Raam” və “Vahid Siyahı” ümumilikdə 19 mandat qazanıb. Baş nazir Benyamin Netanyahuya dəstək verən partiyalar 53, onun əleyhinə olan və “Yaşar” partiyasının lideri Qadi Ayzenkotun rəhbərlik etdiyi blok isə 48 yer əldə edib. Beləliklə, heç bir blok parlamentdə çoxluq qazana bilməyib.





