BAKI, 29 oktyabr. TELEQRAF
İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması ilə nəticələnən və azı 68 nəfərin həyatını itirdiyi dəmir yolu qəzasına kompüter sistemlərində yaranan nasazlıq səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oskar Puente RTVE teleradio şirkətinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, yerli vaxtla saat 08:30 radələrində kompüter sistemlərində yaranan nasazlıq nəticəsində qatarların hərəkətini idarə edən LZB təhlükəsizlik sistemi fəaliyyətini dayandırıb.
Bunun nəticəsində təxminən 63 kilometrlik dəmir yolu sahəsində hərəkət edən qatarlar avtomatik olaraq dayanıb.
Bir müddət sonra dispetçer mərkəzi qarşıda başqa qatarın olmasına baxmayaraq, “Renfe” şirkətinə məxsus AVE sürət qatarının hərəkətini davam etdirməsinə icazə verib.
Puente bildirib ki, qatar təxminən 25 kilometr hərəkət etdikdən sonra qarşısındakı digər sərnişin qatarı ilə toqquşub.
Qeyd edək ki, qəza səhər saatlarında Kastiliya-La-Mança muxtar bölgəsinin Toledo əyalətində, Urda yaşayış məntəqəsi yaxınlığında baş verib.
Madrid–Sevilya marşrutu üzrə hərəkət edən iki sərnişin qatarında ümumilikdə 540-dan çox insan olub.
Toqquşma nəticəsində qatarlardan birinin iki vaqonu relsdən çıxıb.
Son məlumatlara görə, faciə nəticəsində azı 68 nəfər həyatını itirib.






