BAKI, 8 oktyabr. TELEQRAF
Slovakiya Baş naziri Robert Fitso Avropa Parlamentinin Strasburqda yerləşən binasında ABŞ Prezidenti Donald Trampın çılpaq heykəlinin qoyulmasını “Avropa İttifaqının tənəzzülünün əlaməti” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Avropa Parlamentinin binasında ABŞ Prezidenti Donald Trampın karikatura şəklində hazırlanmış heykəlinin nümayiş etdirilməsi Aİ-nin tənəzzülündən xəbər verir. Mənim də Amerika prezidentinin siyasəti ilə bağlı narazılığım var. Amma dialoqa və qarşılıqlı hörmətə ehtiyac olduğu bir vaxtda tərəfdaşlarımızın rəsmi məkanlarda təhqir edilməsi müasir dövrün reallıqlarının tamamilə anlaşılmadığını göstərir”, - Fitso deyib.
Slovakiya hökumətinin başçısı Avropa Parlamentinin rəhbərliyinin heykəlin qoyulmasına yanaşmasını da tənqid edib:
“Avropa Parlamentinin kor rəhbərliyi fərqli mövqeyə sahib olmaq üçün qanuni hüquqla mənəvi cəhətdən yararsız insanların, avantüristlərin və dəlilərin hərəkətləri arasındakı fərqi ayırd etmək qabiliyyətini itirməsi təəssüf doğurur. Avropa Parlamentinin rəhbərliyi Fransa prezidentinin (Emmanuel Makron) və ya Almaniya kanslerinin (Fridrix Merts) karikatura şəklində təsvirlərinin nümayiş etdirilməsinə razı olardımı? Bu suala cavab tamamilə aydın olduğuna görə gözləyirəm ki, Avropa Parlamentinin sədri (Roberta Metsola) Amerika prezidentinin təhqiramiz təsvirinin parlament binasından dərhal götürülməsi barədə göstəriş versin”.
ABŞ Prezidenti Donald Trampın çılpaq şəkildə təsvir edildiyi “Narıncı vəba” adlı heykəli Avropa Parlamentinin binasında qoyulub. Amerika lideri heykəldə əlində qolf dəyənəyi və cılız bir kişinin çiyinlərində oturmuş vəziyyətdə təsvir olunub.






